
Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Rusiyaya rəsmi səfər edəcəyi gözlənilir.
Kremlin sözçüsü Dmitri Peskov səfərin dəqiq tarixinin hələ müəyyənləşmədiyini, lakin cari ilin sonunadək reallaşmasının planlaşdırıldığını bildirib.
Görüşdə ikitərəfli münasibətlər, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Maraqlıdır, Nikol Paşinyanın yaxın vaxtlarda Moskvaya gözlənilən səfəri fonunda son dövrlərdə gərginləşən Rusiya-Ermənistan münasibətlərində yenidən normallaşma və yeni mərhələnin başlanmasından danışmaq olarmı?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Paşinyanın Moskvaya səfəri Rusiya ilə münasibətləri yenidən normal məcraya qaytarmaq niyyəti daşıya bilər:
“Lakin görünən odur ki, bu görüş daha çox Rusiyaya lazımdır. Çünki Moskva Ermənistanla danışıqlar apararaq bir sıra məsələləri açıq şəkildə müzakirə etməyi və öz şərtlərini irəli sürməyi hədəfləyir.
Rusiyanın əsas məqsədi Ermənistanı Avropa İttifaqına inteqrasiya siyasətindən çəkindirmək və bu ölkədəki təsir imkanlarını qoruyub saxlamaqdır. Bu baxımdan, sözügedən səfər tərəflər arasında münasibətlərin gələcək perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edir".
Siyasi şərhçi əlavə edib ki, bir formada bunu yeni mərhələ kimi də dəyərləndirmək olar:
“Əgər Moskva Putinin də bəyan etdiyi kimi, Ermənistanın verəcəyi qərarlara hörmətlə yanaşacaqsa və Ermənistan da Rusiya ilə əlaqələrin qorunub saxlanılması və inkişaf etdirilməsi şərtiylə Qərbə inteqrasiya siyasətini davam etdirəcəksə, bu, faktiki olaraq yeni mərhələ hesab edilə bilər.
Fikrimcə, hələlik Putin Paşinyanı növbəti dəfə danışıqlara çağırmaqla öz şərtlərini diktə etmək və Ermənistanda varlığını qorumağa çalışacaq. Düşünmürəm ki, Paşinyan öz mövqeyində ciddi dəyişiklik etsin.
Rusiya tərəfi də bunu nəzərə alacaqsa, bu, yeni mərhələ ola bilər. Yox, olmayacaqsa, bu artıq yeni mərhələ deyil, münasibətlərin daha da kəskinləşməsi istiqamətində proseslərin davamı demək olacaq”.
























