
Şəki rayonu Baş Küngüt kəndində fəaliyyət göstərən tibb məntəqəsinin binasının əsaslı təmirə ehtiyacı var.
“Cebheinfo.az” xəbər verir ki, hələ Sovet dönəmindən kənddə fəaliyyət göstərən tibb məntəqəsinin binasında sonuncu dəfə nə zaman təmir aparıldığını söyləmək çətindir.
Mindən çox əhalisi olan kənddə tibb məntəqəsinin fəaliyyəti qənaətbəxş olsa da, yerləşdiyi bina bərbad vəziyyətdədir.
Şəhər mərkəzi ilə Baş Küngüt kəndi arasında 24-25 m məsafə olduğunu nəzərə alasaq, səhhətində problem yaranan şəxsin qısa müddətdə xəstəxanaya müraciəti aparılması mümkün olmur. Buna görə də kənddəi tibb məntəqəsi ilkin tibbi yardm üçün əvəzedilməz xidmət göstərir.
Xatırladaqq ki, bu məntəqələr Azərbaycanın ucqar və kənd yaşayış məntəqələrində əhaliyə ilkin səhiyyə xidməti göstərən ən aşağı pilləli tibb müəssisələridir. Bu məntəqələr birbaşa regional Mərkəzi Rayon Xəstəxanalarının və TƏBİB-in tabeliyində fəaliyyət göstərir.
Kəndlərdəki tibb məntəqələrinin bərbad vəziyyəti Milli Məclisin Səhiyyə komitəsində 2025-ci il yanvarın 30-da “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə də müzakirə edilib.
Müzakirədə regionlarda və kənd yerlərində ilkin tibbi xidmət göstərən məntəqələrin (kənd tibb və həkim məntəqələrinin) maddi-texniki bazasının zəifliyi, bəzi yerlərdə bərbad halda olması və ixtisaslı kadr çatışmazlığı məsələləri diqqət mərkəzində olub.
Dinləmədə ölkə səhiyyəsinə ayrılan maliyyə vəsaitinin ilbəil artdığı, 2025-ci ildə bu rəqəmin 3 milyard manata çatdığı qeyd olunub. Regionlardakı tibb müəssisələrinin yenidən qurulması, maddi-texniki bazanın gücləndirilməsi və kadr təminatı istiqamətində görülən işlər müzakirə edilib.
Amma görünən odur ki, müzakirədən sonra dəyişən heç nə olmayıb...
Bunu binadan çəkilən cəmi bir neçə foto da təsdiq edir. Kənd sakinləri ümid edirlər ki, səhiyyə sahəsində aparılan islahatlar bu tibb məntəqəsinə də çatacaq.
























