ABŞ və Səudiyyə Ərəbistanı arasında atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq haqqında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan yaradır.
APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzetinin mövzu ilə bağlı yayımladığı məqalədə deyilir.
Məlumata görə, bu barədə ABŞ Konqresinə baxılması üçün göndərilən sənəddə qeyd olunur.
Məqalədə bildirilir ki, saziş Səudiyyə Ərəbistanında avtomatik olaraq uranın zənginləşdirilməsinə icazə vermir. Lakin sənəd bir neçə il ərzində zənginləşdirmə obyektinin yaradılmasına imkan verəcək addımları nəzərdə tutur.
İlk iki il ərzində ABŞ və Səudiyyə rəsmiləri uranın zənginləşdirilməsinin iqtisadi məqsədəuyğunluğunu və nüvə silahlarının yayılması risklərinə qarşı tədbirləri araşdıracaqlar.
Tərəflər zənginləşdirmənin zəruri olduğu qənaətinə gəlsələr, ABŞ şirkətləri xarici təchizatçılarla birlikdə uranı 5%-dək zənginləşdirə bilən obyekt inşa edəcəklər. Daha sonra bu göstəricinin 20%-ə yaxınlaşdırılması mümkün olacaq.
Qəzet onu da qeyd edir ki, saziş Səudiyyə Ərəbistanının İsraillə münasibətləri normallaşdırmasını və İbrahim sazişlərinə qoşulmasını tələb etmir.
Qeyd edək ki, ABŞ Energetika Nazirliyi iyulun 22-də Vaşinqtonun Səudiyyə Ərəbistanının dinc nüvə proqramını dəstəkləməsinə dair iki ölkə arasında saziş imzalandığını açıqlamışdı.







