Bunu İqtisadiyyat.az-a Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Onun sözlərinə görə, bu addımın səhiyyə sisteminin gələcəyi baxımından bir neçə mühüm nəticəsi olacaq:
"Birincisi, əməkhaqqının artırılması tibb işçilərinin sosial rifahını yaxşılaşdırmaqla yanaşı, onların motivasiyasına və peşəyə bağlılığına ciddi stimul verəcək. Həkimin əməyinin layiqincə qiymətləndirilməsi güclü səhiyyə sisteminin əsas şərtlərindən biridir. İkincisi, bu addım peşəkar kadrların sistemdə qorunmasına xidmət edəcək. Xəstəxana tikmək və müasir avadanlıq almaq mümkündür, amma yüksək səviyyəli həkimin yetişməsi uzun illər tələb edir. Ona görə səhiyyənin ən qiymətli kapitalı məhz insandır.
Üçüncüsü, xüsusilə kadr çatışmazlığı olan region və ixtisasların stimullaşdırılması mütəxəssislərin bölgələrdə qalmasına və yeni həkimlərin regionlara cəlb edilməsinə imkan yarada bilər. Müasir xəstəxananın real gücü yalnız avadanlığı ilə deyil, orada çalışan peşəkarlarla ölçülür. Dördüncüsü, bütün bunların əsas nəticəsini vətəndaş hiss etməlidir. Məqsəd Azərbaycanın hansı bölgəsində yaşamasından asılı olmayaraq insanların keyfiyyətli tibbi xidmətə mümkün qədər yaşadığı yerə yaxın çıxışının təmin edilməsidir. Beşincisi, əməkhaqqı artımının davamlı tibbi təhsil, peşəkarlıq, məsuliyyət və xidmət keyfiyyəti ilə uzlaşdırılması səhiyyədə yeni keyfiyyət mərhələsinin əsasını qoya bilər".
Sədr müavini söyləyib ki, bu baxımdan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə atılan addım təkcə tibb işçisinə verilən sosial dəstək deyil: "Bu gün tibb işçisinə qoyulan sərmayə sabah Azərbaycan vətəndaşının daha keyfiyyətli tibbi xidmət almasına qoyulan sərmayədir".








