Azərbaycanda təhsilə ayda adambaşına 6,55 manat xərclənib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, təhsilə xərclənən vəsait ümumi xərclərin 1,7%-nə bərabər olub.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə təhsilə xərclənən vəsait 5,9% və ya 36 qəpik artıb.
Məlumat üçün bildirək ki, ən yüksək göstərici Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. Bu iqtisadi rayonda əhali təhsilə ayda adambaşına orta hesabla 8,2 manat xərcləyib. Ötən ilin eyni dövründə bu göstərici 7,1 manat olub. Beləliklə, Şərqi Zəngəzurda təhsilə xərclər 1,1 manat və ya 15,5% artıb.
Gəncə-Daşkəsən iqtisadi rayonunda təhsilə ayda adambaşına düşən xərc 7,9 manatdan 8,1 manata yüksəlib. Qarabağda 6,8 manatdan 6,9 manata, Qazax-Tovuzda 6,3 manatdan 7,3 manata, Quba-Xaçmazda 6,4 manatdan 6,6 manata, Mərkəzi Aranda 6,3 manatdan 6,7 manata yüksəlib.
Lənkəran-Astara iqtisadi rayonunda da artım əhəmiyyətli olub. Bu iqtisadi rayonda təhsilə ayda adambaşına düşən xərc 5,4 manatdan 7 manata yüksəlib. Beləliklə, artım 1,6 manat və ya 29,6% təşkil edib.
Dağlıq Şirvanda göstərici 5,1 manatdan 6,1 manata, Şirvan-Salyanda isə 5,8 manatdan 7,1 manata yüksəlib. Bakı şəhərində təhsilə ayda adambaşına düşən xərc 6,5 manatdan 7,3 manata çatıb.
Abşeron-Xızı iqtisadi rayonunda isə göstərici dəyişməyib və 7,1 manat səviyyəsində qalıb.
Digər iqtisadi rayonlarda isə təhsil xərcləri azalıb. Naxçıvan Muxtar Respublikasında göstərici 6,9 manatdan 5,3 manata, Mil-Muğanda 4,9 manatdan 4,3 manata, Şəki-Zaqatalada isə 5,3 manatdan 5,1 manata düşüb.
Məlumat üçün onu da bildirək ki, Azərbaycanda adambaşına düşən istehlak xərcləri ayda orta hesabla 396 manat olub. İstehlak xərclərinin 171 manat 37 qəpiyi qida məhsullarının alınmasına yönəldilib. Bu da ümumi xərclərin 43,3%-ni təşkil edir.
Alkoqollu içkilərə adambaşına ayda orta hesabla 2 manat 33 qəpik, tütün məmulatlarına isə 8 manat 28 qəpik xərclənib. Beləliklə, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarına birlikdə ayda 181 manat 98 qəpik və ya ümumi istehlak xərclərinin 46%-ə yaxını sərf olunub.
İstehlak xərclərimiz arasında qidadan sonra ən çox vəsait kommunal xidmətlərə - su, elektrik enerjisi, qaz və digər yanacaq növlərinə xərclənir. Bu məqsədlə adambaşına ayda orta hesabla 31 manat 69 qəpik xərcləyirik ki, bu da ümumi xərclərin 8%-nə bərabərdir.
Bundan başqa, ayda 30 manat 55 qəpik mehmanxana, kafe və restoran xidmətlərinə, 28 manat 4 qəpik ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğa, 27 manat 26 qəpik nəqliyyat xidmətlərinə xərclənib. Paltar və ayaqqabıya isə adambaşına ayda orta hesabla 23 manat 98 qəpik sərf olunub.
Ümumi xərclərimizin 17 manat 11 qəpiyini səhiyyə xidmətlərinə, 16 manat 27 qəpiyini istirahət və mədəniyyət xidmətlərinə, 14 manat 4 qəpiyini rabitə xidmətlərinə, 6 manat 55 qəpiyini isə təhsilə yönəldirik.
Rəqəmlərdən də göründüyü kimi, mehmanxana, kafe və restoran xidmətlərinə ayda xərclədiyimiz 30 manat 55 qəpik təhsil xərclərindən (6 manat 55 qəpik) təxminən 4,7 dəfə çoxdur.








