Onun müraciəti daha sonra belə davam edir: "Oğlum Quliyev Maqsud Nadir oğlu 2023-cü ildə çoxsaylı hərbi-tibbi komissiyalardan keçdikdən sonra HİPOTİREOZ diaqnozu ilə Suraxanı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin hərbi-tibbi komissiyası tərəfindən hərbi xidmətə yararsız hesab edilərək, ona 3 (üç) il möhlət verilib və hərbi bilet təqdim olunub.
Üç ildən sonra, yəni 2026-cı ilin yanvarındə Suraxanı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti tərədindən yenidən hərbi-tibbi komissiyalardan keçməyə dəvət olunub. Bu dəfə də bütün komissiyalardan keçdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsindən ona 10.04.2026-cı il tarixli belə bir məktub gəlib:
“Hörmətli Maqsud Quliyev Nadir oğlu, Sizin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 10.02.2026 tarixdə aparılmış yekun tibbi müayinənizin nəticəsinə uyğun olaraq, Suraxanı rayon (şəhər) çağırış komissiyası tərəfindən (tarix göstərilməyib – N. Q.) tarixdə barənizdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.2.3-cü maddəsinə əsasən “- 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır” qərarı verilmiş və Sizə sağlamlıq vəziyyətinə görə 18.08.2026-cı il tarixədək müddətli hərbi xidmətə çağırışa möhlət verilmişdir. Qeyd: Barənizdə rayon (şəhər) çağırış komissiyası tərəfindən qəbul edilmiş qərardan Mərkəzi Çağırış Komissiyasına və ya məhkəmə qaydasında şikayət emək hüququnuz var”.
HÖRMƏTLİ ŞURA ÜZVLƏRİ!
Göründüyü kimi, oğlum Quliyev Maqsud Nadir oğluna qoyulmuş tibbi diaqnoza əsasən 2023-cü ildə 3 (üç) il möhlət verildiyi halda, 2026-cı ildə bu möhlət 6 (altı) aya endirilib. Ancaq istinad edilən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.2.3-cü maddəsində bu möhlətin müddəti haqqında məlumat yoxdur. (15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında;) Bizə maraqlıdır, möhlət müddətinin dəyişdirilməsi və birdən-birə bu qədər azaldılaraq 6 (altı) aya endirilməsi hansı zərurətdən doğub? Ümumiyyətlə, möhlətin müddəti nəyə əsasən müəyyən olunur və bunu kim müəyyənləşdirir?
Oğlumun xəstəliyi xronikidir, yəni sağalmaq ehtimalı yoxdur. Hər səhər bütün bədəni şişmiş vəziyyətdə oyanır. Hər gün dərman (Eutiroks 75) qəbul edir, ancaq bu da ona kömək etmir. Daim yorğun, süst, zəif və əsəbi olur. Tərlədiyi üçün tez-tez paltar dəyişir. Belə adamın tez-tez komissiyalara çağırılıb incidilməsi nə dərəcədə doğrudur? Əgər bu xəstəlik sağalan deyilsə, üstəlik dövlət onun yüngülləşməsi üçün hər hansı əlahiddə tədbirlər görmürsə, tez-tez çağırıb yoxlamağın məntiqi nədir?
2026-cı il avqustun 22-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi oğlum Quliyev Maqsud Nadir oğlunu yenidən çağırdı. Yenə əzablı tibbi komissiyalara cəlb etdi. Artıq Suraxanı rayon 23 saylı poliklinikada və Səfərbərlik idarəsində komissiyalardan keçib. Qarşıda onu Respublika Klinik Xəstəxanasında və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müayinələrdən keçmək gözləyir. Avqustun 28-nə Respublika Klinik Xəstəxanasında təyin olunmuş müayinələr “sistemin işləməməsi” səbəbindən sentyabrın 1-dək təxirə salındı. Bundan sonra da, yəqin ki, Reabilitasiya Agentliyinə göndərəcəklər.
Xahiş edirəm, möhlətin müddətinin nəyə əsasən müəyyən olmasıyla bağlı suallarıma qanuni əsaslandırmalarla yazılı cavab verəsiniz. Eyni zamanda oğlum Quliyev Maqsud Nadir oğlu haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində verəcəyi son qərar haqqında bizə yazılı məlumat verilməsini təmin edəsiniz. Məlumatı birbaşa, yaxud Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi vasitəsilə verilə bilər.
Əgər oğluma yenidən nə qədərsə möhlət veriləcəksə, yaxud o, hərbi xidmətə cəlb olunacaqsa, bunlar haqqında qanuni əsaslandırmalarla yazılı məlumat verilməsi təmin olunsun..."
.
.
.
Yazıları DƏDƏ MALI kimi oğurlaya bilərsiniz...







