Türkiyədə Ankara Şəhər Prokurorluğu 1994–2017-ci illərdə Ankara Böyükşəhər Bələdiyyəsinin sədri olmuş Melih Gökçek haqqında araşdırma başladılıb və o, artıq şübhəli şəxs elan edilib. Gökçek ölkə xaricinə qanunsuz vəsaitlərin köçürülməsində, daşınmaz əmlak qanunsuzluğu və iri ticarət mərkəzləri ilə sövdələşməyə girməkdə, həmçinin bir sıra digər cinayətlərdə ittiham edilir. Tanınmış araşdırmaçı-jurnalist Murat Ağırelin ifşa etdiyi sənədlər və səs-küylü yazılar prokurorluğun hərəkətə keçməsində həlledici rol oynayıb. Jurnalist şahid qismində prokurorluğa ifadə verərək əlindəki bütün sənədləri təqdim edib və araşdırmanın daha geniş şəbəkəni əhatə edəcəyini bildirib. Əlbəttə, siyasi izn olmasa prokurorluğun özbaşına keçmiş meri ittiham etməsi inandırıcı görünmür. Gəl gör ki, bundan əvvəl dəfələrlə Ankara Böyükşəhər Bələdiyyəsinin hazırkı rəhbərliyi Melih Gökçek dövrünə aid audit yoxlaması keçirərək xeyli qanunsuzluq aşkar etmiş və bu barədə sənədləri prokurorluğa təqdim etmişdi. Ancaq prokurorluq lazımi sübut olmadığını əsas gətirərək işə xitam vermişdi.
Son dövrlər Türkiyədə əsasən CHP-dən olan bir çox bələdiyyəyə qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirilir. İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra yaşanan bu hadisələr bir tərəfdən CHP-nin çökdürülməsi, ikinci tərəfdən isə bələdiyyə sisteminin zəiflədilməsinə hesablanmış addım kimi qiymətləndirilir. Nəzərə alaq ki, Türkiyədə bələdiyyə sistemi olduqca güclü mövqeyə malikdir. Bu isə mütləq prezident hakimiyyəti ilə ziddiyyət yaradır. Mərkəzdən idarə edilən valilər bələdiyyə sədrləri qarşısında olduqca zəif mövqeyə düşürlər. Başqa sözlə, Türkiyədə bölgələrdə real güc, əsasən yerli iqtisadiyyata nəzarət hökumətin deyil, bələdiyyələrin əlindədir. 2019-cu il seçkilərindən sonra Ankara və İstanbul kimi şəhərlərin hakim AK Partiyanın əlindən çıxması iqtidarı çətin vəziyyətə qoyub. Çünki ana müxalifətdən olan bələdiyyə sədrləri mərkəzi hökumətin həmin şəhərlərdə həyata keçirmək istədiyi layihələrə ciddi cəhdlə mane olurdular. Bu baxımdan bu əməliyyat həm də bələdiyyə sisteminə qarşı addım kimi qiymətləndirilə bilər.
Melih Gökçek isə sıradan bir şəxs deyil. Gökçek hələ 1994-cü il bələdiyyə seçkilərində Rəcəb Tayyib Ərdoğanla birlikdə Rifah Partiyasının namizədi olaraq seçkilərin qalibi olmuşdu. Ərdoğanın İstanbulda, Gökçekin isə Ankarada seçkinin qalibi olması iki il sonrakı parlament seçkilərində Rifah Partiyasını iqtidara, partiya lideri Nəcməddin Ərbakanı isə hökumət rəhbərliyinə daşıdı. Buna görə də Melih Gökçekin hər zaman AK Partiya içində xüsusi bir çəkisi olub. Təsadüfi deyil ki, ondan sonra oğlu Osman Gökçek AK Partiyadan deputat seçdirilib. Melih Gökçek özü də əvvəllər dəfələrlə rüşvət qalmaqalı ilə üzləşib. Nəinki müxalifət, hətta iqtidarın özündə də bu cür ittihamlar zaman-zaman səslənib. AK Partiyanın qurucularından olan parlamentin keçmiş sədri Bülent Arıncın Gökçek haqqında söylədiyi "Ankaranı hissə-hissə satıb" sözləri Türkiyədə uzunmüddətli müzakirəyə səbəb olmuşdu.
Bu əməliyyatın keçirilməsinin əsas səbəbi üç variantda gizlidir.
Birincisi, bu, hazırkı bələdiyyə sədri Mənsur Yavaşı zərərsizləşdirmək üçün qurulmuş bir ssenaridir. Melih Gökçekin ardınca ondan sonrakı dövr haqqında da araşdırma aparılacaq və Yavaş da istintaqa cəlb ediləcək. Sadəcə bunun siyasi motivli olmadığını göstərmək üçün öncədən əvvəlki dövr də araşdırılır.
İkinci variant bu günə qədər CHP-li bələdiyyələrə qarşı həyata keçirilən əməliyyatların birtərəfli siyasi xarakter daşımadığını ictimaiyyətə nümayiş etdirmək üçündür. Belə olduğu təqdirdə, iqtidarın əlində olan bir çox digər bələdiyyə haqqında da yəqin ki, yaxında araşdırma başladılacaq.
Üçüncü variant isə birbaşa Gökçek ailəsinin özünə yönəlmiş bir hesablaşmadır. Nəzərə alaq ki, Melih Gökçek bələdiyyə sədrliyi dövründə xeyli varidat əldə edib. Hazırda bundan istifadə edərək deputat olan oğluna daha yüksək siyasi karyera qurmaq üçün hərəkətə keçdiyi deyilir. Osman Gökçekin son zamanlar parlamentdə fəallıq etməsinin səbəbi də məhz budur. Görünür ki, bu ailənin yolunu kəsmək istəyən güclü qüvvələr var. İstənilən variantda bu proses həm AK Partiyanı, həm də CHP-ni, ən əsası isə Türkiyədəki bələdiyyə sistemini dərindən sarsıdacaq.
Zeynal Əmrəliyev - "DİA-AZ"
.
.
.
Yazıları DƏDƏ MALI kimi oğurlaya bilərsiniz...








