Ali Məhkəmədə qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Akif Hacyevin (adı, soyadı şərtidir) barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmişin kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2025-ci ildə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən mənzillərin birində baş verib.
Belə ki, Akif Hacyev qeyri-rəsmi nikah münasibətində olduğu zərərçəkmiş Fəridə Hacıyeva (adı, soyadı şərtidir) ilə birlikdə yaşadığı evdə qadının mobil telefonunda "WhatsApp" tətbiqi vasitəsilə başqa bir kişi ilə yazışdığını görüb. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs arvadına qarşı fiziki zor tətbiq edib. O, qadının sifət və bədən nahiyələrinə təpik və dirsəyi ilə dəfələrlə zərbələr endirib.
Məhkəmə araşdırması ilə müəyyən olunub ki, hadisə nəticəsində zərərçəkmiş şəxsə sol qaşüstü nahiyənin əzilmiş yarası, sol saidin aşağı üçdəbir hissəsinin arxa səthində qançır və şişkinliklə müşayiət olunan əzilmə xəsarətləri yetirilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərərvurma kimi qiymətləndirilib.Nizami Rayon Məhkəməsi işə sadələşdirilmiş icraat qaydasında baxaraq təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edib, onun barəsində olan sadələşdirilmiş icraat materialının icraatına isə xitam verib.Bu qərarla razılaşmayan zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını və barəsində qanunauyğun hökm çıxarılmasını xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi iş üzrə bütün materialları, məhkəmə araşdırması zamanı toplanmış sübutları və tərəflərin dəlillərini yenidən qiymətləndirərək zərərçəkmiş şəxsin apellyasiya şikayətini əsaslı hesab edib. Kollegiya belə nəticəyə gəlib ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar işin faktiki halları və toplanmış sübutlarla uzlaşmır. Buna görə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ləğv edilib.Apellyasiya instansiyası tərəfindən çıxarılan yeni hökmə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və ona 1 500 manat məbləğində cərimə cəzası təyin edilib.
Beləliklə, zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin olunub, birinci instansiya məhkəməsinin cinayət məsuliyyətindən azadetmə barədə qərarı isə hüquqi qüvvəsini itirib.








