
"Hörmətli "Kapital Bank" rəhbərliyi! Artıq 15 gündür ki, kartım bloklanıb. Banka yaxınlaşaraq bütün tələb olunan sənədləri təqdim etmiş və ərizə ilə müraciət etmişəm. Buna baxmayaraq, hələ də müraciətimə yekun cavab verilməyib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Nurlan İsmayılzadə adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra bildirir: "Bu kart şəxsi biznesim üçün deyil. Kartıma xəstə övladımın müalicəsi üçün edilən ianələr köçürülür. Kartın bloklanması səbəbindən insanlar yardım göndərə bilmir və bu, övladımın müalicəsinə birbaşa mənfi təsir göstərir.
Mən bankdan xüsusi imtiyaz istəmirəm. Sadəcə, müraciətimə qanunvericiliyə uyğun şəkildə operativ baxılmasını və problemin ən qısa zamanda həll edilməsini xahiş edirəm. İnsan həyatı və sağlamlığı günlərlə gözləyə biləcək məsələ deyil.
Ümid edirəm ki, Kapital Bank bu müraciətə laqeyd qalmayacaq və məsələnin təcili həllinə kömək edəcək..."







