“Yaxın Şərqdə müharibənin getdiyi bir zamanda Pakistan və Əfqanıstan “Taliban”ı arasında hərbi münaqişənin alovlanması region üçün daha ciddi təhlükələr yarada bilər”.
Bu sözləri Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Cebheinfo.az”-a şərhində Pakistan-Əfqanıstan münasibətlərində hazırkı vəziyyət barədə fikirlərini bölüşəkrən bildirib.
Onun sözlərinə görə, Paksitan-Əfqanıstan sərhədində toqquşmalar lokal xarakter daşıyır: “Pakistanın Əfqanıstana qarşı hərbi əməliyyatları bərpa etməsi regionda gərginliyin artdığını göstərsə də, bunu dərhal genişmiqyaslı müharibənin başlanğıcı kimi qiymətləndirmək düzgün olmaz. Mövcud vəziyyət daha çox sərhəd təhlükəsizliyi, terrorizm və qarşılıqlı etimadsızlıq fonunda formalaşan lokal qarşıdurma xarakteri daşıyır.
Məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, Pakistan Xarici İşlər Nazirliyi Əfqanıstandakı “Taliban” hakimiyyətini Pakistan ərazisində fəaliyyət göstərən silahlı qruplara, xüsusilə TTP-yə dəstək verməkdə ittiham edir. Bu isə klassik dövlətlərarası müharibədən çox, qeyri-dövlət aktorlarının yaratdığı təhlükəsizlik böhranıdır. Pakistan bu təhlükəni aradan qaldırmaq üçün əsasən məhdud və hədəfli hərbi əməliyyatlara üstünlük verir”. V.Zifəroğlu vurğulayıb ki, “Taliban”ın da genişmiqyaslı müharibədə maraqlı deyil: ““Taliban” hökuməti hazırda beynəlxalq tanınma, iqtisadi sabitlik və daxili idarəetmə problemləri ilə üz-üzədir.
Belə bir şəraitdə Pakistanla açıq müharibə onların mövqeyini daha da zəiflədə bilər. Bu səbəbdən tərəflər arasında ritorika sərt olsa da, tammiqyaslı qarşıdurmadan yayınma meyili müşahidə olunur”. Ekspert əlavə edib ki, Pakistan-Əfqanıstan “Taliban”ı münasibətlərində regional aktorların mövqeyi də əsas təşkil edir: “Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə kimi ölkələrin vasitəçiliyi ilə atəşkəsin əldə olunması göstərir ki, region dövlətləri eskalasiyada maraqlı deyil və diplomatik kanallar hələ də aktivdir.
Qeyd edim ki, Yaxın Şərqdə paralel şəkildə davam edən müharibə fonunda bu hadisələr daha təhlükəli görünə bilər. Lakin Pakistan–Əfqanıstan xəttindəki gərginlik birbaşa həmin münaqişənin davamı deyil, daha çox lokal və spesifik təhlükəsizlik problemlərindən qaynaqlanır. Bununla belə, eyni anda bir neçə bölgədə gərginliyin artması ümumi geosiyasi riskləri yüksəldir”.









