Ermənistanda parlament seçkilərinə artıq 2 aya yaxın qaldığı bir vaxtda Rusiyaya bağlı revanşist, irqçi Köçəryan, Sərkisyan, Samvel Karapetyan və erməni kilsəsi komandaları ciddi şəkildə fəallaşıb. Amma yaxşı ki, hələ vahid bir cəbhədə birləşə bilmirlər. Görəsən, bundan sonra, özü də ABŞ və Avropanın, həmçinin Türkiyənin başı Ukrayna və İran savaşlarına bərk qarışdığı bir zamanda onların Kremlin dəstəyi ilə birləşib seçkilərdə hakim Paşinyan komandasına qalib gəlmələri ehtimalı varmı? Və bu halda Azərbaycanla Ermənistan arasında ötən il Vaşinqtonda sülh sazişinin paraflanmasıyla təkan götürmüş sülh prosesinin, həmçinin Zəngəzur yoluyla bağlı “TRİPP” layihəsinin taleyi necə olar?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi şərhçi Əli Orucov bunları söyləyib:
“Ermənistanda keçiriləcək parlament seçkilərinə müddət azaldıqca cəmiyyətdə ictimai siyasi ehtiraslar da artmaqdadır. Hakimiyyətə gəlmək iddiası da olan namizədlərin bir qismi artıq məlumdur və onlar arasında gərgin rəqabət bundan sonra da artacaq. İyunda baş tutacaq seçkilərə regional və beynəlxalq diqqət də çoxdur. Bu həm də Qərb-Rusiya qarşıdurmasının bir həlqəsi kimi də izah olunmalıdır.
Moskva bir neçə ssenari üzərində işləyir. Köçəryan-Sərkisyan-Karapetyan -Apostol kilsəsi Moskvanın aktiv konfiqurasiyasında olsa da, Paşinyanla da münasibətləri korlamaq istəmir…
Robert Köçəryan imici zədəli siyasətçidir, onun çox az tərəfdarı var. Bu da əsasən revanşistlər və Rusiyaya bağlı şəxslərdir…
Rusiya milyarderi Samvel Karapetyan siyasi meydanda naşıdır. O, professional siyasətçi deyil, iş adamıdır. Biznesi Rusiyadadır. Karapetyan bəzi işgüzar dairələr və siyasiləşmiş kütləyə xitab edir…
Serj Sərkisyan hakimiyyətdən biabırcasına getmək məcburiyyətində qalan tükənmiş siyasətçidir. Sadaladığım fiqurların erməni cəmiyyətinə verə biləcəyi yeni və mütərəqqi bir şeylər, demək olar ki yoxdur. Ən çox istinad etdikləri revanşist mesajlar erməni cəmiyyətində o qədər də maraq kəsb eləmir…
Doğrudur, ABŞ-İsrail koalisiyasının İrana hücumu qlobal düzəni ciddi şəkildə dəyişdirdi. Böyük güclərin diqqəti əsasən enerji qaynaqlarına və tranzit xətlərinə yönəlib. Ancaq nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz regionu da aparılan mübarizənin maraq dairəsində olduğundan demək olmaz ki, hər şey Kremlin ixtiyarına buraxılıb. Moskva payını götürmək və yaranmış vəziyyətdən istifadə edərək bunu daha da artırmaq istiqamətində fəaliyyətini intensivləşdirəcək. Ona görə də düşünmürəm ki, Zəngəzur dəhlizi – “TRİPP” layihəsi arxa plana keçəcək. Bu dəhliz Avropanı Asiya ilə birləşdirəcək təhlükəsiz hesab edilən Orta Dəhlizin, qlobal təhzicat və daşımaların, eyni zamanda inteqrasiyanın ayrılmaz tərkib hissəsidir. İran müharibəsi də çox uzun sürməyəcək. Deməli, növbəti proseslər Cənubi Qafqaz - Trans-Xəzər hövzəsində cərəyan edəcək. Azərbaycan olaraq da bizim hər cür hadisələrə uyğun da planlarımız olmalılıdır…”









