Aramsız yağan intensiv yağışlar ölkənin müxtəlif bölgələrində, o cümlədən paytaxtda ciddi fəsadlara yol açmaqda davam edir.
Yağış sularının yaratdığı problemlər Bakının Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzindən də yan keçməyib.
Ərazinin bəzi hissələrinin su altında qalması ilə bağlı yayılan məlumatlar fonunda "Cebheinfo.az" mövcud vəziyyəti öyrənmək üçün "Sədərək" ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim ilə əlaqə saxlayıb.
O bildirib ki, davam edən aramsız və intensiv yağışlar “Sədərək” ticarət mərkəzində də müəyyən çətinliklər yaradıb:
"Artıq bir neçə gündür davam edən aramsız yağışlar intensiv xarakter alaraq ölkənin müxtəlif ərazilərində müəyyən fəsadlar törədib. Bu vəziyyət “Sədərək” ticarət mərkəzindən də yan keçməyib.
Tiracət mərkəzində bizim nasoslarımız və yanğınsöndürmə maşınlarımız var. Yəni bütün qüvvələr səfərbər olunaraq fasiləsiz fəaliyyət göstərir".
Kəmaləddin Qədim qeyd edib ki, hazırda ticarət mərkəzinin özündə ciddi fəsad qeydə alınmayıb və əsas problem giriş yolları ilə bağlıdır:
"Yağış sularının həcmi olduqca çoxdur, təbii ki, yağıntı aramsız davam edir. Meyvəli dairəsi istiqamətində yollar tamamilə bağlanıb, həmin tərəfdən buraya keçid mümkün deyil.
Buna baxmayaraq, tərəfimizdən bütün zəruri tədbirlər görülüb, nasoslar gecə saatlarından etibarən işləyir. Bütün qüvvələri səfərbər etmişik. Hazırda ticarət mərkəzinin özündə elə bir ciddi fəsad yoxdur.
Yolları su basıb, "Sədərək" ticarət mərkəzinə giriş yollarını su basıb. Bizə aid olmayan yerlər su altında qalıb. İndi bütün imkanlarımızı səfərbər etmişik ki, sahibkarlara ziyan dəyməsin.
Bizim əsas məqsədimiz də məhz budur. Biz istəmərik ki, hansısa bir sahibkarın mağazasına su dolsun və zərər görsün.
Belə hallarda ziyanın aradan qaldırılması üçün dəstək göstəririk, məsuliyyəti üzərimizə götürür və bütün lazımi tədbirləri həyata keçiririk".









