"Xalq Bank" ASC bu ilin yanvar-sentyabr aylarını 51,541 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 4,6 % azdır.
9 ay ərzində "Xalq Bank"ın gəlirləri 204,779 milyon manat (illik müqayisədə 21,5 % çox), xərcləri 144,674 milyon manat (38,1 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 5,273 milyon manat (3,3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 13,836 milyon manat (21,8 % çox) təşkil edib.
Bu il oktyabrın 1-nə "Xalq Bank"ın aktivləri 3 milyard 630,981 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 23,4 % çoxdur. Bunun 1 milyard 777,231 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 5,8 % kiçilib.
Hesabat dövründə "Xalq Bank"ın öhdəlikləri 26,8 % artaraq 3 milyard 96,806 milyon manat, o cümlədən depozit portfeli 7 % azalaraq 1 milyard 842,528 milyon manat, balans kapitalı isə 6,8 % artaraq 534,175 milyon manata, o cümlədən nizamnamə kapitalı 22,4 % artaraq 446,6 milyon manat olub.
Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "Foton" MMC-yə məxsusdur.