“Ad günü” filmində Əli rolunda çəkilmiş Gürcüstanın Əməkdar artisti Davit Uplisaşvili Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif olunub.
APA-nın yerli bürosu xəbər verir ki, mükafatı ona ittifaqın sədri, “Ad günü” filmindəki tərəf müqabili, Xalq artisti Hacı İsmayılov Gürcüstanın Şota Rustaveli adına Milli Teatrında təqdim edib.
H.İsmayılov D.Uplisaşviliyə “Ad günü” filmində hər ikisinin yer aldığı məşhur səhnənin əks olunduğu rəsmi də hədiyyə edib.
Gürcü aktyor “Sənətkar” medalına layiq görülməsini onun üçün böyük şərəf olduğunu deyib:
“Gürcüstanda bu medaldan cəmi bir nəfərdə var idi – Xalq artisti Robert Sturuada. İndi məndə də var. Rəsmi isə heç gözləmirdim, xoş sürpriz oldu. Əziz dostum Hacı məni çox təəccübləndirdi”.
Xatırladaq ki, “Ad günü” filmi 1977-ci ildə çəkilib, rejissoru Xalq artisti Rasim Ocaqov, ssenari müəllifi isə Xalq yazıçısı Rüstəm İbrahimbəyovdur.