Bu ilin 8 ayında 2152-si əkiz, 78 üçəm doğulub.
Bu barədə Qaynarinfo-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, cari ilin səkkiz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63 min 698 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,3-ə düşüb.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Körpələrdən 2152-si əkiz, 78-i isə üçəm olub.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust aylarında 31 min 403 nikah və 13 min 869 boşanma halları qeydə alınıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı 4,5-dən 4,6-ya qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb.
Bu ilin yanvar-avqust aylarında 39 min 951 ölüm halı qeydə alınıb. Qeyd edilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,8-dən 5,9-a qədər artıb.