Avqustun 13-də keçirilən ticarət sessiyasında türk lirəsinin məzənnəsi yeni tarixi rekorda imza atıb.
Bunu "Investing" platformasının məlumatları sübut edir. Ticarət sessiyası başlayandan bəri Türkiyə valyutası 0.09 % ucuzlaşaraq bir dollar üçün 40.74 lirəyə düşüb.
Minimum hesabla bir dollar 40.7455 lirəyə başa gəlir. Bir həftə ərzində türk valyutası 0.15 % ucuzlaşıb. İllik ifadədə o, 21 %-dən çox ucuzlaşıb. Beş il əvvəl dollar 7.3 lirəyə qiymətləndirilib.
Türk lirəsinin ucuzlaşmasının əsas səbəbləri nələrdir? Türkiyə ilə ticarət edən azərbaycanlı iş adamları üçün bu vəziyyətin mənfi və müsbət tərəfləri nələrdir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, türk lirəsinin avqustun 13-də tarixi minimuma enməsinin əsas səbəbləri yüksək inflyasiya və pul siyasəti ilə bağlıdır:
“Türkiyədə illik inflyasiya rəsmi statistikaya görə 65 %-dir, amma bəzi müstəqil mənbələr real göstəricinin bunda daha yüksək olduğunu bildirir. Əvvəlki illərdə Mərkəzi Bankın faizləri aşağı saxlaması (hətta inflyasiya çox yüksək olarkən belə) lirəyə mənfi təzyiq göstərdi.
Məhz 2023-2024-cü illərdə faizlər 50 %-ə qədər yüksəlsə də, iqtisadi etimad tam bərpa olunmadı. Eyni zamanda, xarici valyuta ehtiyatlarının yetərli olmaması da bu vəziyyəti tətikləyir.
Türkiyə Mərkəzi Bankının xalis valyuta ehtiyatları uzun müddət mənfi zonada olub, bu da lirəni müdafiə imkanlarını məhdudlaşdırır. Dollar tələbini qarşılamaq üçün kifayət qədər ehtiyat yoxdur.
Cari əməliyyatlar hesabının kəsiri və xarici borcun həcmi yüksəkdir. Türkiyənin enerji idxalından asılılığı yüksəkdir, bu da ticarət balansını mənfi təsir edir. Qısamüddətli xarici borcların yüksək olması isə lirəyə təzyiq yaradır, çünki investorlar risk görüb dollar tələbatını artırırlar”.
O qeyd edib ki, hazırkı səbəblər içində həm də daxili siyasi, geosiyasi amillər də lirəyə təzyiq göstərir:
“Yaxın Şərq və Cənubi Qafqazda mövcud gərginlik, eləcə də Ukraynadakı münaqişə, həmçinin Qərblə münasibətlərdəki dalğalanmalar investor etimadını daha da azaldıb. Xarici sərmayədarların ölkədən çıxışı lirənin dəyərini daha da aşağı salır”.
Ekspert vurğulayıb ki, lirənin ucuzlaşması azərbaycanlı iş adamlarına həm fürsət, həm də risk yaradır:
“Azərbaycanlı iş adamları üçün təsirlərə gəldikdə, müsbət tərəf kimi idxal xərclərinin azalmasını göstərmək olar. Türkiyədən mallar, avadanlıqlar, tekstil, ərzaq və digər məhsullar lirə ucuzlaşdıqca daha sərfəli qiymətə alınır.
Həmin malları idxal edən azərbaycanlı şirkətlər eyni dollar büdcəsi ilə daha çox məhsul gətirə bilir. Eyni zamanda, turizm və xidmət sektoru üçün də imkanlar genişlənir.
Türkiyəyə səyahət edən azərbaycanlı turistlərin xərcləri azalır, Azərbaycan şirkətləri orada tədbir, sərgi və təlimləri daha ucuz təşkil edə bilirlər. Bundan başqa, Türkiyədə əmlak və biznes almaq istəyənlər lirənin ucuzlaşmasından faydalana bilərlər.
Mənfi tərəflər isə ondan ibarətdir ki, Türkiyəyə ixrac çətinləşir. Azərbaycan məhsulları (xüsusilə kənd təsərrüfatı məhsulları) lirə ucuzlaşdıqca Türkiyə bazarında daha bahalı görünür.
Türkiyəli alıcılar dollarda və ya manatda qiymətləndirilən malları almaqda çətinlik çəkə bilərlər, məzənnə riskləri də artır. Əgər Türkiyəyə satılan malların ödənişi lirə ilə aparılırsa, valyuta dəyər itirdikcə iş adamları real mənfəətdən zərər görə bilər.
Uzunmüddətli müqavilələrdə lirə ilə qiymət təyin etmək risklidir. Türkiyə iqtisadi sabitliyinin zəifləməsi nəticəsində bazarda şirkətlərin ödəmə qabiliyyəti azalarsa, borc və ödəniş gecikmələri arta bilər”.