“O vaxt poeziya ruhlu verilişlər çox idi. İndi efirlərdə belə verilişlər yoxdur. Mən həmişə efir qarşısındayam, proqramları da dəqiq bilirəm. Özü də bir çoxları deyir ki, yerli telekanalları izləmirik. Xeyr, mən yalan danışa bilmərəm. Yerli kanalları izləyirəm. Amma ürəyimcə olan bir efir, veriliş yoxdur ki, deyim hə bu əladır. Ləhcə ilə, “c”, “ç” ilə danışanların əlindən bezmişik. Dialekt nə vaxtdan efir dili olub? Bunu hələ də dərk etmirlər. Sənətkarları çox nadir hallarda verilişlərdə qonaq olarkən görürük. Əvvəl ancaq sənətkarlar efirlərdə olurdu, başqa heç kim çıxmazdı, dəvət etməzdilər. İndi əksinədir, onlardan başqa hamı efirdədir. Müğənni efirə danışmağa yox, mahnı oxumağa çıxardı. İndi mahnı, sənət qalıb kənarda, nədən istəyirsən danışırlar. Bundan necə razı qala bilərəm?”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Əminə Yusifqızı deyib.
O illər sonra bir etiraf da edib:
“Mənim nənəm molla olub. Özü də həqiqi molla. Mənim əslim iranlıdır. O da orada oxuyub, təhsil alıb. Nənəm məscidlərdə mərsiyə oxuyardı, mən də, bacım da onun yanında oturub dediklərini təkrarlayardıq. Məktəb yaşlarımız idi. Sonra mən qaçdım, bacım qaldı. Bacım yazıq ölən gününə qədər mollalıq etdi”, - deyə sənətkar bildirib.