Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kafedə dava salan 39 yaşlı kişi həbs edilib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə mayın 27-də gecə saat 1:45-də rayonun Aza kəndində yeməkxanada baş verib.
Rayon sakini, 1986-cı il təvəllüdlü Rəvan Məmmədov (ad-soyad şərti verilib – red.) kafedə ictimai qaydanı pozub, polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmayıb.
İş üzrə izahat verən Rəvan Məmmədov bildirib ki, həmin gün Ordubad rayonun Aza kəndindəki kafedə yeyib, içdikdən sonra keflənib: “Kefləndikdən sonra kafedə işləyən qızla oynamağa başladım. İçkili olduğumdan ünvansız söyüş söyməyə başladım. Bir müddət sonra kafeyə gələn polis əməkdaşı mənə yaxınlaşaraq özünü təqdim etdi, buranın ictimai yer olduğunu, söyüş söyməməyimi bildirdi. Mən ona məhəl qoymayaraq kefli olduğumdan söyüş söyməyə davam etdim”.
Təqsirli bilinən şəxs ifadəsində göstərib ki, hərəkətlərindən çox peşmandır.
Rəvan Məmmədovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.
İş baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə təqsirli bilinən şəxs 15 gün müddətində inzibati qaydada həbs edilib.