Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya” tərəfindən mütəmadi olaraq rayon məktəblərində təhsil alan və eyni zamanda risk qrupunda olan (dərsə davamiyyəti zəif olan, dərs zamanı tədrisə mane olaraq müəllim və şagirdlərin fikrini yayındırmağa çalışan, sosial şəbəkələrdə qeyri-etik mövzularda paylaşımlar edən və s.) şagirdlərlə, onların valideynləri ilə maarifləndirici görüşlər keçirilir.
Mayın 29-da Komissiyanın növbəti iclası Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbdə VIII, IX, X, XI siniflərdə təhsil alan və çətin tərbiyə edilən bir qrup şagirdin valideynlərinin iştirakı ilə keçirilib
İclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Komissiyanın üzvləri, məktəbin direktor və müavinləri, kənd ağsaqqalları iştirak edibər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov keçirilən iclasın məqsəd və məramını bildirərək mövzu ətrafında fikirlərini bölüşüb. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehrban xanım Əliyeva tərəfindən təhsil sahəsinə göstərilən dövlət qayğısından söz açan icra başçısı həmin qayğını yeni məktəblərin inşa olunmasından, təmirə ehtiyacı olan məktəb binalarının əsaslı şəkildə yenidən qurulmasından aydın şəkildə gördüyümüzü diqqətə çatdırıb. Bu qayğının müqabilində məktəb kollektivlərinin, şagirdlərin, həmçinin valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib. Rayon rəhbəri valideynlərə şagirdlərin dərsə yüksək səviyyədə davamiyyət nümayiş etdirərək onlara göstərilən qayğını doğrultmalı olduqlarını qeyd edib. Məktəb-müəllim-valideyn-şagird münasibətlərinin düzgün qurulmasının əhəmiyyətini qeyd edən icra başçısı bu işdə hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü bir daha dilə gətirib.
İclasda sözügedən məktəbdə təhsil alan, çətin tərbiyə olunan, risk qrupunda olan (dərsə davamiyyəti zəif olan, dərs zamanı tədrisə mane olaraq müəllim və şagirdlərin fikrini yayındırmağa çalışan, sosial şəbəkələrdə qeyri-etik mövzularda paylaşımlar edən və s.) şagirdlərin valideynlərinə xəbərdarlıq olunub. Onlara növbəti tədris ilində övladlarının məktəbdə nizam-intizam qaydalarına riayət etməli olduqları, dərsə davamiyyətlərini yüksək səviyyədə davam etdirmələri bildirilib. Əks təqdirdə lazımi addımların atılacağı diqqətə çatdırılıb.
"DİA-AZ"