Son aylar Türkiyə ilə Azərbaycan arasında soyuqluq yarandığı haqda iddialar səsləndirilir. Ancaq Prezident Rəcəb Tayyib Ərdoğanın Laçına səfəri bu kimi iddialara aydın və qəti cavab oldu. Şayiələrin əsassız olduğunu göstərdi.
Sözügedən söz-söhbətlər xüsusilə mart ayında Marqara sərhəd-buraxılış məntəqəsinin 10 gün müddətinə açılmasından sonra intensivləşdi. Ardınca isə bu gərginliyi süni şəkildə körükləməyə çalışan qüvvələr Səfəvi–Osmanlı (Çaldıran döyüşü) məsələsini gündəmə gətirdilər və məsələ bir növ pik nöqtəsinə çatdı. Lakin Ərdoğanın Laçın səfəri ortaya fərqli mənzərə çıxardı. Bundan öncə isə Ərdoğanla Əliyevin Budapeştdə TDT ilə bağlı keçirilən zirvə toplantısında isti münasibəti gerçəyi ortaya çıxarmış oldu. Laçın görüşü isə nöqtəni qoydu: hər kəs iki liderin necə mehriban, səmimi münasibətdə olduğunu gördü. Yayılan dedi-qodular əhəmiyyətini tamamilə itirdi və demək olar ki, gündəmdən çıxdı.
Bütün bu məlumat axınının arxasında kənar güclərin hansı dərəcədə rol oynadığı sual doğurur. Hətta bəzi iddialara görə, həm Türkiyədə, həm də Azərbaycanda Ankara-Bakı yaxınlaşmasını və Ərdoğan-Əliyev əməkdaşlığını arzulamayan dairələr mövcuddur.
Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, böyük geosiyasi mənzərədə Türk birliyinin təşəkkülü bəzi dairələrdə əsassız qorxu və narahatlıq yaradır:
“Görünən odur ki, bu çevrələri ümumilikdə türk xalqlarının dövlətçilik ənənələrinin inkişafı ciddi şəkildə narahat edir. Belə qüvvələr Şərqdə, Avropada, Yaxın Şərqdə və hətta bilavasitə qonşuluğumuzda da mövcuddur. Məhz bu səbəbdəndir ki, müxtəlif səviyyələrdə yayılan dedi-qodular və çaşdırıcı informasiyalar baş qaldırır.
Azərbaycan–Türkiyə tandemi isə xüsusi diqqət mərkəzindədir. Bu birliyin formalaşması, ilk növbədə, Azərbaycanın son illərdə əldə etdiyi mühüm uğurlar və regional güc mərkəzinə çevrilməsi ilə bağlıdır. Azərbaycan qısa müddət ərzində həm regional, həm də qlobal səviyyədə ciddi nailiyyətlər əldə etmiş və Türk Dövlətləri Təşkilatında (TDT) aparıcı rol oynamışdır. Türkiyə isə daim Azərbaycanın yanında olmuş və bu strateji əməkdaşlığa sarsılmaz dəstək vermişdir.
Təəssüf ki, zaman-zaman bu birliyə qarşı siyasi, diplomatik, ideoloji və tarixi mövzularda süni qarşıdurmalar yaratmağa çalışan qüvvələr meydana çıxır. Lakin Azərbaycan və Türkiyə kifayət qədər güclü, müstəqil və ləyaqətli dövlətlərdir. Onların münasibətləri hüquqi əsaslara, o cümlədən, Şuşa Bəyannaməsinin müddəalarına söykənir.
Bəzən bu qardaşlığı yalnız etnik yaxınlıqla izah etməyə çalışırlar. Şübhəsiz, bu amil də doğrudur, lakin əsas məsələ ondan ibarətdir ki, burada beynəlxalq hüququn iki müstəqil subyektindən söhbət gedir. Azərbaycan–Türkiyə münasibətləri bərabərhüquqluluq və qarşılıqlı faydalılıq prinsipləri üzərində qurulmuşdur.
Bu münasibətlərə əsaslanan qarşılıqlı sevgi isə həm təbii, həm də zəruri xarakter daşıyır. Çünki türkün türkü sevməsindən daha təbii nə ola bilər?”