
ABŞ rəsmiləri Ukraynanı Rusiya ilə danışıqlarda iştirak edəcəyinə inandırmağa çalışıblar.
APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
ABŞ dövlət katibi Marko Rubio Ukrayna Xarici İşlər Nazirliyinin rəhbərinə bildirib ki, Vaşinqton Kiyevi danışıqlardan kənarlaşdırmaq niyyətində deyil və bu addımı axmaqlıq hesab edir.
Bu barədə nəşrə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Yeddilik” ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edən diplomatlar bildiriblər.
Daha sonra ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların aparılacağına, ABŞ-nin vasitəçi kimi çıxış edəcəyinə aydınlıq gətirib.
Bununla belə, Kelloq Avropa liderlərinə qarşı daha sərt mövqe tutaraq, onların danışıqlar masasında iştirakının çətin olduğunu deyib.