HÜSEYN ABDULLAYEV İCRA BAŞÇISI OLA BİLƏR
Tarix: 22-03-2013, 12:34 |
Çap et
KEÇMİŞ DEPUTATIN VƏZİFƏYƏ GƏTİRİLMƏSİNDƏ BAŞQA MARAQ VAR
DİA.AZ: - Artıq Novruz Bayramı geridə qalıb və gələn həftənin ilk günündən yenidən qaynar iş rejiminə keçid olacaq. Təbii ki, bu ilin seçki ili olması səbəbindən siyasi dairələr ətrafında daha qaynar olayların cərəyan edəcəyi heç şübhəsizdir. Bu elə bayram öncəsindən də sezilməkdə idi.
Hökumət içindəki mənbələrin DİA.AZ-a verdiyi informasiyalardan belə aydın olur ki, ən gərgin hadisələr elə iqtidar daxilində yaşanılacaq: «Doğrudur, siyasi müxalifətin mövcudluğu və bu mövcudluğun maraqlı qüvvələr tərəfindən xüsusi olaraq qabardılması hesabına «ümumiqtidar maraqları» anlayışı önə keçid almaq üzərədir. Amma bunun özü belə iqtidar daxilində nəzərdə tutulan kardinal kadr islahatlarından imtina ilə nəticələnməyəcək».
Mənbəmiz kadr islahatları zamanı hətta sürpriz olayların da baş verəcəyini söylədi: «Bu gün kimlərsə keçmiş deputat Hüseyn Abdullayevin kitabının birdəfəlik olaraq bağlandığını zənn edirlər, amma yanılırlar. Məsələn, onun rayonlardan birinə icra başçısı göndərilməsi nəzərdə tutulur».
Mənbəmizin sözlərinə görə, əslində Hüseyn Abdullayevin vəzifəyə gətirilməsi onun əlindəki maddi imkanları təyin ediləcəyi rayonun quruculuq-abadlıq işlərinə də cəlb edilməsi üçün planlaşdırılır.
Onu da bildirək ki, Hüseyn Abdullayevin təxminən 20-30 milyon dollarlıq sərvətinin olduğu söylənilir.