Qırğızıstan prezidenti Sadır Japarov növbəti prezident seçkisində ikinci müddətə namizədliyini irəli sürmək niyyətini açıqlayıb. "DİA-AZ" xəbər verir ki, o, bunu avqustun 13-də jurnalist Əli Toktakunova müsahibəsində deyib.
Japarov vurğulayıb ki, arzulayan hər kəs seçkiyə gedə bilər, digər namizədlər üçün heç bir məhdudiyyət olmayacaq.
Ölkənin Konstitusiya Məhkəməsi bundan əvvəl S.Japarovun hazırkı altıillik prezidentlik müddətini onun birinci müddəti kimi tanıyıb və 2027-ci ildə ikinci müddətə namizəd olmaq hüququnu təsdiqləyib.
Japarov onu da deyib ki, Dövlət Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kamçıbek Taşiyevi varisi kimi nəzərdən keçirib, ikinci müddətə namizədliyini irəli sürməməyi planlaşdırıbmış.
"Planım altı il hakimiyyətdə qalmaq və 2027-ci ildə seçkilərə getməmək idi. Əgər o vaxta qədər özünü hazırlaya bilsəydi, lazımi təcrübə qazanıb yaxşı işləməyə başlasaydı, Kamçını prezident edəcək, özüm isə istirahətə çəkiləcəkdim. Seçkilər 2027-ci ilin yanvarında keçirilməlidir, mən bunu ona hələ iki-üç il əvvəl demişdim", –Japarov bildirib.


















