Vətəndaş Karcher mağazasının xidmətindən narazıdır.
Gununsesi.info xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Keçən il avqustun 27-də @karcher mağazasının 28 May küçəsində yerləşən filialından tozsoran almışam. Tozsoranın 2 il zəmanəti var idi (70 yaşlı qayınanam üçün, həftədə bir dəfə işlədirdi).
Tozsoran xarab oldu. Atam texnikanı özü söküb təmir edən biridir, amma zəmanət olduğu üçün tozsoranı 28 May küçəsində yerləşən həmin mağazanın servis xidmətinə apardım.
Servisdəki oğlan filtrlərin olduğu hissəyə baxıb dedi ki, heç açmağa belə ehtiyac yoxdur, motor 100% sizin günahınız ucbatından yanıb. Dedi ki, filtrlər hər 6 aydan bir dəyişdirilməlidir! “İstəsəniz, motoru dəyişə bilərik, amma bu, təxminən 200 manat olacaq” dedi (halbuki eyni yeni tozsoranın qiyməti 249 manatdır).
Zəmanət müddətinin hələ bitmədiyini uzun-uzadı izah etdikdən sonra da onlar öz sözlərində qəti idilər. Nəticədə tozsoranı atamın yanına apardım, çünki o, təmir etməyi sevir.
İlk növbədə filtrləri təmizlədi, amma dedi ki, onları hər 6 aydan bir dəyişmək əvəzinə vaxtında təmizləmək lazımdır.
Sonra uzun səylərdən sonra motora çatdı. Və möcüzə! Motor yanmayıb, işləyir. Problem naqildə imiş (dedi ki, bu, zavoddan olan problemdir).
Servisdə mənim tozsoranım kimi rəflərdə daha 3 ədəd tozsoran gördüm.
Heç kimə nə @karcher mağazasını, nə onların tozsoranlarını, nə də servis xidmətlərini məsləhət görmürəm”.









