Yeni tədris ili ərəfəsində məktəbli formalarının qiymətləri açıqlanıb. Bakı Tikiş Evinin açıqladığı qiymətlərə əsasən, qısaqol köynəklər 12 manat, uzunqol köynəklər 14 manat, şalvar və ətəklər 15 manat, nazik jaketlər 20 manat, kapüşonlu jaketlər 25 manat, qalın jaketlər isə 22 manatdır. Böyük ölçülü forma dəstlərinin qiymətinə isə əlavə parça sərfiyyatına görə 5 manat artırılır. Bildirilib ki, ötən tədris ilində müəyyənləşdirilən endirimli qiymətlər dəyişdirilməyib.
Bəs açıqlanan bu qiymətlər ailələrin büdcəsinə uyğundurmu? Məktəbli formasının qiyməti ilə yanaşı, onun keyfiyyəti və istifadəyə yararlılığı valideynlərin gözləntilərini qarşılayırmı? Yeni tədris ili öncəsi məktəbli formalarının qiymətləri ailələr üçün əlavə maliyyə yükü yaradırmı?
Globalinfo.az-a danışan təhsil eksperti İlqar Orucov deyib ki, məktəbli formalarının vahid standartlar əsasında qiymətləndirilməsi və tətbiqi, makroiqtisadi və sosioloji müstəvidə ailə büdcəsinin strukturuna, eləcə də təhsilin əlçatanlığı prinsiplərinə birbaşa təsir göstərən institusional mexanizmdir:
“Bakı Tikiş Evinin elan etdiyi qiymət cədvəli fərdi geyim elementləri kontekstində daxili bazar üçün optimallaşdırılmış görünsə də, bir şagirdin illik minimal geyim dəstinin 90-120 manat aralığında formalaşması, xüsusilə differensial gəlirli alt-sosial qruplar və çoxuşaqlı ailələr üçün ciddi maliyyə sayıla bilər. Bu qiymət onlar üçün iqtisadi yükdür. Ölkədəki mövcud minimum əməkhaqqı və orta aylıq gəlir göstəriciləri fonunda, payız mövsümünün başlanması ilə əlaqədar digər icbari təhsil xərcləri (dərs ləvazimatları, nəqliyyat və loqistika) bu maliyyə təzyiqini daha da sərtləşdirir və aşağı gəlirli ev təsərrüfatlarının maliyə balansını kəskin şəkildə pozur”.
Ekspert bildirib ki, digər tərəfdən, qiymət strukturunun sabit saxlanılması strategiyası çox vaxt məhsulun maya dəyərinin optimallaşdırılması və parça tərkibindəki sintetik komponentlərin artırılması hesabına başa gəlir ki, bu da sağlamlıq prinsipləri və valideyn gözləntiləri ilə tərs mütənasiblik təşkil edir:
“Uzunmüddətli istifadəyə yararlılıq baxımından keyfiyyətsiz geyimlərin fiziki aşınma müddəti daha sürətlidir. Belə ki, rəng solması, deformasiya və tikiş qüsurları tədris ili ərzində təkrar satınalma zərurəti yaradaraq təkrar xərclər formasında ailə büdcəsini yenidən yükləyir. Bu struktur risklərini və sosial-iqtisadi gərginliyi minimallaşdırmaq üçün fərdlərin mərhələli satınalma strategiyasına keçidi tələb olunur. Eyni zamanda dövlətin və regional sosial müdafiə institutlarının həssas sosial təbəqələr üçün birdəfəlik kompensasiya mexanizmlərini aktivləşdirməsi sosial rifahın qorunması və təhsildə bərabərliyin təmin edilməsi baxımından mühüm sosiometrik zərurətdir. Nəzərə alaq ki, bir milyon yarımlıq şagird kontingenti istehlak bazarında böyük rəqabət formalaşdırır. Bazarda süni qiymət artımına qarşı mübarizədə, həmçinin parçanın gigiyenik, estetik, keyfiyyət parametlərinə uyğunluğuna dövlət nəzarəti ilə paralel ictimai nəzarət mexanizminin də tətbiqi böyük önəm daşıyır”.









