Məlum olduğu kimi, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində işləyənlərin maaşı verilmir və bu da haqlı olaraq işçilər tərəfindən narazılıqla qarşılanır. "DİA-AZ" xəbər verir ki, aprelin 8-i olsa da, mart ayının əməkhaqları hələ də ödənilməyib.
Bildirək ki, bu məsələ ilə bağlı müxtəlif fikirlər də səslənir. Məsələn iddia olunur ki, Maliyyə Nazirliyi "AzəriQaz"da bu ilin əvvəlindən etibarən total maliyyə yoxlaması həyata keçirir və çox ciddi maliyyə pozuntusu faktları aşkar edilib, buna görə də nazirlikdən "AzəriQaz"a aid bütün maliyyə əməliyyatları dayandırılıb.
Bir başqa iddiaya görə isə kütləvi ixtisar və bu ixtisarlardan sonra yeni qaydada əmək haqqı hesablanması maliyyə nazirliyini belə bir addımı atmağa vadar edib.
"DİA-AZ" xəbər verir ki, bu arada Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının NHMT sədri tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qeyd etdiyimiz problemlə bağlı ilginc bir iddianı özünün sosial şəbəkə hesabında paylaşıb.
"Müəmma..." qeydi ilə Mirvari Qəhrəmanlı belə bir versiyanı səsləndirir:
"Deməli, belə çıxır ki, ‘Azəriqaz İB-də mart ayının maaşı ona görə gecikir ki, Qəza Dispetçer xidmətinin ustalarına hesablanan 1600–1800 manatlıq maaş "şok effekti" yaradıb... Hələ də özlərinə gələ bilmirlər?.."
Qeyd edək ki, kifayət qədər aktual olan bu problemə hələ də rəsmi dairələr, xüsusi ilə də "AzəriQaz" rəhbərliyi hansısa aydınlıq gətirməyib.
Məsələ diqqətimizdədir...










