Sankt-Peterburqun mərkəzində, Mariinski teatrının bir addımlığında yerləşən məşhur “Nikolski ryad” kompleksinin taleyi bəlli olub. Tarixi binanın yeni sahibləri azərbaycanlı biznesmen Əsabil Qasımovla əlaqəli olan şirkətlərdir.
"DİA-AZ" bildirir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, sövdələşmədə “Sanatoriy İstoçnik” və “Ekspo” şirkətlərinin adı keçir.
Sadovaya küçəsindəki bu nəhəng mülk 28 min kvadratmetrə yaxın sahəni əhatə edir. Hazırda binanın bir hissəsində iki otel, digər hissəsində isə geniş ticarət şəbəkəsi fəaliyyət göstərir.
Sövdələşmənin qiyməti rəsmi açıqlanmasa da, bu addım turizm bazarındakı artım trendini tutmaq üçün atılan strateji gediş hesab edilir. Lokasiyanın mərkəzdə olması və kompleksin daim dolu qalması aktivin rentabelliyini təmin edən əsas faktorlardandır.

Xatırladaq ki, “Nikolski ryad” 2022-ci ildəki böyük təmirdən sonra şəhərin ən maraqlı məkanlarından birinə çevrilib. İndi burada nəinki qədim divarlar, həm də qolf klubu, yay estradası və müxtəlif ölkələrin mətbəxlərini birləşdirən iaşə obyektləri var. Əvvəllər “Rusiya Dəmir Yolları”nın keçmiş rəhbərinin oğlu Andrey Yakuninin nəzarətində olan bu mülk artıq yeni səhmdarların idarəçiliyi ilə inkişaf edəcək.
Qeyd edək ki, Əsabil Qasımov Azərbaycanlı iş adamı və sabiq millət vəkili, həmçinin böyük biznes təsisatlarının sahibi olaraq tanınan şəxsdir. O, yalnız Azərbaycanda deyil, xaricdə də iri layihələrə sərmayə qoyması ilə gündəmə gəlir.










