ABŞ ilə İran arasında baş vermiş hərbi toqquşmaların ardından iki həftəlik atəşkəsin elan olunması regionda gərginliyin müvəqqəti azalmasına səbəb olub.
Milli Məclisin deputatları məsəli ilə bağlı Ajans.az-a danışıblar.
Milli Məclisin deputatı, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tural Gəncəliyev hesab edir ki, atəşkəs həm region, həm də Azərbaycan üçün müsbət hadisədir. Onun sözlərinə görə, müharibənin genişlənməsi Xəzər hövzəsi üçün ciddi təhlükə yaradırdı:
“Mən hesab edirəm ki, müharibədə eskalasiyanın böyüməsi, davam etməsi bizim regionumuz üçün çox ciddi problem yaradırdı. İsrail qüvvələrinin İranın Xəzər sahilində yerləşən şəhərlərinə zərbələr endirməsi müharibənin Xəzər hövzəsinə yayılması riskini artırırdı ki, bu da Azərbaycanı ciddi narahat edən məsələ idi.”
Deputat vurğulayıb ki, Azərbaycanın xarici siyasəti praqmatik və balanslıdır:
“Azərbaycanın istər ABŞ-lə, istər İranla, istərsə də digər qonşu ölkələrlə münasibətləri praqmatik və konstruktiv əsaslar üzərində qurulub. Bu münasibətlər müharibələrdən asılı deyil.”
Tural Gəncəliyev həmçinin qeyd edib ki, Azərbaycan böyük güclərin qarşıdurmasından kənarda qalmağı bacarıb:
“Azərbaycan bu böyük müharibə fonunda ağıllı dövlət siyasəti yürüdərək bütün risklərdən kənarda qalmağı bacardı. Bu, ölkəmizin gücünün və strateji baxışının göstəricisidir.”
Deputatın fikrincə, atəşkəs ABŞ üçün tam uğurlu nəticə sayılmaya bilər:
“Müharibəyə başlayan tərəfin əsas hədəfləri – İranın raket və nüvə potensialının məhv edilməsi, rejim dəyişikliyi – reallaşmadı. Bu baxımdan atəşkəs Amerikanın hədəflərinə çatmaması fonunda əldə olunub.”
Milli Məclisin deputatı, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Babaoğlu isə atəşkəsi daha çox humanitar və sabitlik baxımından qiymətləndirir. O bildirib ki, müharibənin dayanması region üçün vacibdir:
“İran və ABŞ arasında 40 gün davam edən hərbi əməliyyatlardan sonra atəşkəsin əldə olunması region üçün yaxşı xəbərdir. Bu savaş təkcə regional deyil, həm də qlobal iqtisadi-siyasi münasibətlərə və təhlükəsizliyə ciddi təhdid yaradırdı.”
Deputatın sözlərinə görə, əsas gözlənti uzunmüddətli sülhdür:
“Əlbəttə, atəşkəsin əldə olunması mühüm məsələdir. Ancaq əsas məqsəd davamlı sülhə nail olunmasıdır.”
Hikmət Babaoğlu İranla münasibətlərin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını da qeyd edib:
“İran bizə dost ölkədir. Orada soydaşlarımız yaşayır və onların təhlükəsizliyi, Azərbaycan üçün hər zaman prioritet olub.”
O əlavə edib ki, müasir müharibələrdə qalib anlayışı şərtidir:
“Bu gün müharibələrin xarakteri elədir ki, əsas məsələ kimin qalib gəlməsi deyil, müharibənin dayandırılmasıdır. Çünki müharibədə hamı uduzur, sülhdə isə hamı qazanır.”










