Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən İstiqlal küçəsi 85 ünvanında yerləşən binanın dam örtüyünün əsaslı təmiri ilə bağlı elan edilmiş satınalma proseduru ləğv olunub.
32gun.az xəbər verir ki, Layihənin icrası üçün ehtimal olunan qiymət 54.233,98 AZN məbləğində müəyyən edilsə də, müsabiqə qanunvericiliyin tələblərinə uyğun gəlmədiyi üçün yekunlaşdırılmayıb.
Satınalma komissiyasının qərarına əsasən, müsabiqədə iştirak etmək üçün təklif və təminat təqdim edən, habelə müvafiq lisenziyaya malik olan təchizatçıların sayı qanunvericiliklə müəyyən edilmiş minimum həddən (üçdən az) aşağı olub. "Dövlət satınalmaları haqqında" Qanunun 36.1.1-ci maddəsinə istinadən, kifayət qədər iddiaçı qeydə alınmadığı üçün tenderin nəticələri etibarsız sayılıb və müsabiqə dayandırılıb.










