“Ölkədə minlərlə evə çıxarış verilməməsinin səbəbi həmin tikililərin təhlükəli ərazilərdə yerləşməsidir.”
Bu sözləri Yenicag.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib.
Ekspert kollektorların üzərində tikildiyi üçün sökülən evlərin kompensasiyasının hansı formada ödəniləcəyi barədə danışıb:
“Paytaxt Bakı və Abşeron ərazisində yüz minlərlə çıxarışsız fərdi yaşayış evi var. Onlara çıxarış verilməməsinin əsas səbəblərindən biri torpaqların təyinatının yaşayış üçün nəzərdə tutulmaması və ya tikililərin təhlükəli ərazidə inşa edilməsidir. Təhlükəli ərazi dedikdə, yüksək gərginlikli elektrik naqillərinin altında, mühafizə zolağı pozulmuş ərazilərdə, qaz və su xətlərinin bilavasitə yaxınlığında, həmçinin suötürücü kollektorların üzərində inşa olunan evlər nəzərdə tutulur. Belə əmlakların çıxarışla təmin olunması mümkün deyil. Gələcəkdə həmin kommunikasiya xətlərinin yeri dəyişdirilərsə və torpaq üzərindəki qadağa statusu götürülərsə, əmlaka çıxarış almaq mümkün ola bilər”.
E. Fərzəliyev qeyd edib ki, qadağan olunmuş ərazilərdə tikilən evlər söküldükdən sonra vətəndaşlara ödəniləcək kompensasiya rəsmi qurumlar tərəfindən hesablanaraq ictimaiyyətə açıqlanacaq:
“Paytaxtda və ölkənin bir çox yerində torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı söküntü işləri aparılır. Bu proses yeni kommunikasiya xətlərinin çəkilməsi, infrastrukturun qurulması və parkların salınması kimi məqsədlərə xidmət edir. Vətəndaşların evləri təhlükə mənbəyi hesab olunan ərazilərdə yerləşirsə, bu həm qanunaziddir, həm də risklidir. Kommunikasiya xətləri istismar müddətini bitirdikdə böyük qəzalara yol aça bilər. Belə ərazilərin sökülməsi və xətlərin yenilənməsi zamanı əksər hallarda vətəndaşların mənzilləri qiymətləndirilir və onlara kompensasiya ödənilir. Bu tip ərazilərdə inşa olunmuş fərdi yaşayış evləri və iaşə obyektlərinin söküntüsü zamanı kompensasiyanın məbləği və ödəniş qaydası aidiyyəti qurumlar tərəfindən elan olunacaq”.










