"Hörmətli SOCAR vəzifəliləri! Peşəkarların peşəkar təklifinə, məsləhətlərinə reaksiya verməyiniz, maraqlanmanız, müzakirə etməyiniz olduqca vacibdir..." "DİA-AZ" xəbər verir ki, bu ifadələrin müəllifi olan tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı özünün sosial şəbəkə hesabında daha sonra bunları yazır:
"Təcrübəli, sahə üzrə peşəkar işçi yazır:
Məlum olduğu kimi, “struktur dəyişikliyi” adı altında Azneft İB -nin tabeliyində olan idarələrdə optimallaşdırma tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Rəsmi əsaslandırma kimi idarəetmənin təkmilləşdirilməsi, xərclərin azaldılması və işçi ştatlarının optimallaşdırılması göstərilir. Bu çərçivədə bir neçə şöbənin birləşdirilməsi planlaşdırılır.
Lakin nəzərdə tutulan birləşmə çərçivəsində Kadrlar, Əmək haqqı və Əmək münasibətləri kimi funksional baxımdan bir-biri ilə əlaqəli olan struktur vahidlərinin Sosial inkişaf şöbəsi ilə birləşdirilməsi ciddi suallar doğurur. Çünki Sosial inkişaf şöbəsinin funksional istiqaməti, fəaliyyət predmeti və institusional vəzifələri adıçəkilən şöbələrin fəaliyyət sahəsi ilə nə məzmun, nə məqsəd, nə də icra mexanizmləri baxımından uzlaşır.
Kadr siyasəti, əmək haqqının hesablanması və əmək münasibətlərinin tənzimlənməsi inzibati-idarəetmə və hüquqi xarakter daşıyan funksiyalardır. Sosial inkişaf isə sosial layihələrin təşkili, əməkdaşların sosial rifahının yaxşılaşdırılması, sosial proqramların icrası və sosial siyasətin həyata keçirilməsi kimi fərqli mahiyyətə malik istiqamətləri əhatə edir. Bu baxımdan, həmin şöbələrin vahid strukturda birləşdirilməsi idarəetmədə funksional qarışıqlığa, məsuliyyət bölgüsünün qeyri-müəyyənləşməsinə və səmərəliliyin azalmasına gətirib çıxara bilər.
Əgər bu cür struktur birləşməsi doğrudan da idarəetmənin optimallaşdırılması və effektivliyin artırılması baxımından zəruri hesab olunursa, o zaman analoji yanaşmanın yuxarı səviyyəli idarəetmə strukturlarında – yəni SOCAR-ın Baş İdarəsində və ya Azneft İstehsalat Birliyinin mərkəzi aparatında da tətbiq olunması məntiqli olardı. Lakin belə bir praktikanın yalnız NQÇİ-lərdə tətbiq edilməsi qərarın vahid idarəetmə konsepsiyasına deyil, selektiv yanaşmaya əsaslandığı ehtimalını gücləndirir.
Struktur dəyişiklikləri obyektiv funksional təhlilə, iş yükünün real qiymətləndirilməsinə və institusional uyğunluğa əsaslanmalıdır. Əks halda, “optimallaşdırma” adı altında aparılan dəyişikliklər idarəetmə keyfiyyətinin yüksəldilməsinə deyil, sadəcə ştat ixtisarına xidmət edən formal xarakter daşıyacaqdır.
Nəzərinizə çatdırırıq ki, hazırda müzakirə olunan struktur dəyişikliyi təşəbbüsünün Azneft İB rəhbərliyi səviyyəsində, o cümlədən baş direktorun kadrlar məsələləri üzrə müavini Rəşxan Qaraşlı tərəfindən irəli sürüldüyü bildirilməkdədir.
Hesab edirik ki, bu qərar qəbul edilərkən NQÇİ-lərin əməliyyat xüsusiyyətləri, mövcud iş prinsipləri və sahədə uzun illər formalaşmış idarəetmə təcrübəsi kifayət qədər nəzərə alınmamışdır..."








