Ələt qəsəbəsində yerləşən və Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Zaur Qurbanovun adını daşıyan Mədəniyyət Evi acınacaqlı durumdadır.
Bu, sadəcə bir binanın dağılması deyil – bu, bir şəhidin xatirəsinə, bir qəhrəmanın adına, bir xalqın mədəniyyətinə göstərilən laqeydliyin açıq təzahürüdür.Sual olunur:Niyə susursunuz, hörmətli deputatlar?Niyə bir şəhidin adını daşıyan mədəniyyət ocağının dağılması sizlərə təsir etmir?Niyə bu məsələ nə Milli Məclisdə gündəmə gətirilir, nə də ictimaiyyət qarşısında dilə gətirilir?
Sizə xalq səs verib, sizə şəhid ailələri ümid bağlayıb. Amma görünən odur ki, siz bu ümidləri doğrultmaq əvəzinə, rahat kreslolarınızda susqunluğa üstünlük verirsiniz. Bir deputatın borcu yalnız qanunvericilik fəaliyyəti deyil – onun əsas borcu xalqın dərdini dilə gətirmək, onu müdafiə etmək və haqq səsini tribunadan ucaltmaqdır.Şəhid Zaur Qurbanov təkcə Ələt qəsəbəsinin deyil, bütün Azərbaycanın qəhrəmanıdır. Onun adını daşıyan bir mədəniyyət evinin uçub-dağılmasına göz yummaq, əslində milli dəyərlərə, şəhidlərə və tariximizə sayğısızlıqdır.Tələb edirik:Şəhid Zaur Qurbanov adına Mədəniyyət Evinin hazırkı vəziyyətinə dərhal diqqət yetirilsin.Deputatlar bu məsələni Milli Məclisin gündəminə gətirsin, bu yöndə icra orqanlarına müraciətlər edilsin.Təmiri və fəaliyyətinin bərpası üçün real addımlar atılsın, konkret nəticələr göstərilsin.Əgər bir şəhidin adını daşıyan məkan bu qədər sahibsizdirsə, bu ölkədə dəyərlərin qorunmasından danışmağa nə qədər haqqımız var?Susmaq – laqeydliyin, laqeydlik – hörmətsizliyin başlanğıcıdır.Şəhidlərin ruhu qarşısında məsuliyyət daşıyırsınız. O məsuliyyətin fərqində olun.
Hacıağa Qayıbov - arazmedia.az