Ağdam rayon sakini Həsənov Məzahir Kərim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi məhkəmə qərarından narazılığını bildirir:
"Mən, Həsənov Məzahir Kərim oğlu, yazaraq bildirirəm ki, Ağdam rayonu, "4 yol" deyilən ərazidə yaşayıram. Burada maşın təmiri üçün kiçik bir obyektim var. 2019-cı ildən həmin obyekti kirayə vermişəm.
Kirayə verdiyim şəxs məndən xahiş etdi ki, gündən-yağışdan qorunmaq üçün çardaq düzəltdirim. Mən də bildirdim ki, imkanım yoxdur. Həmin şəxs - Alim İslamov mənə dedi ki, istəyirsən, mən düzəltdirim. Razılaşdıq və çardaq düzəldi.
Bundan sonra bir neçə ay kirayə pulunu gecikdirməyə başladı. Bu səbəbdən, kirayə anlaşmasını ləğv etməli oldum. Obyektdən çıxardanda isə qeyd etdim ki, nə vaxt istədsən, gəl düzəltdiyin çardağı da sök apar, bunun pulunu sənə verməyə imkanım yoxdur. O da dedi ki, sən obyekti satanda çardağı da satarsan, onu sökmək çətin məsələdir. Mən də razılaşdım.
2022-ci ilin aprel ayında güclü külək nəticəsində çardaq ucdu. Video çəkmişdim. Çardaq sahibi də bunu görmüşdü. Alim İslamov dedi ki, gedib kran vasitəsilə çardağı götürəcəm. Xeyli vaxt keçdi, ondan xəbər çıxmadı. Bir də gördüm ki, məni məhkəməyə çağırırlar. Sən demə, bu adam məni məhkəməyə verib, pul istəyir.
Hakim Mahir Niftalıyev bildirdi ki, çardağın pulunu verməlisən. Etiraz etdikə isə dedi ki, o pulu səndən alacam.
Hakim mənə deyir ki, niyə imkan verirdin çardaq uçsun?! Sonradan öyrəndim ki, Mahir Niftalıyev Alimin yeznəsi ilə yaxın dostdur. Ona görə, Apellyasiya Məhkəməsinə müraciət etdim.
Gəncə Apellyasiya Məhkəməsinin hakimi Afiq Hüseynzadə qərar verdi ki, Həsənov Məzahir Alim İslamova 618 manat pul ödəməlidir. Çardaq naturada olmadığı halda isə 2780 manat alınaraq Alimə verilsin.
Küləyin törətdiyi fəlakətə mən niyə cavabdeh oluram? Bu qədər haqsızlıq olmaz.
Oğlum da, özüm də qaziyəm. Hazırda əmək haqqımdan kəsib Alimə verirlər. Kimə, hara şikayət edirəmsə, susurlar, heç kəs bir yol göstərmir".