Bu barədə Ağ Evin adı çəkilməyən rəsmi nümayəndəsi "Reuters" xəbər agentliyinə məlumat verib. Maraqlıdır ki, dünən onun həmkarlarından biri Tramp və Mask arasında bu gün danışıq baş tutacağını diqqətə çatdırmışdı.
"Əsasən sosial şəbəkə vasitəsilə aparılan qarşıdurma yaxın keçmişdəki möhkəm müttəfiqliyin başa çatdığını göstərir. Halbuki birbaşa zəng tərəflər arasında gərginliyi azalda bilərdi", – agentlik yazır.
Qarşıdurma fonunda İlon Maskın "Tesla" avtomobil şirkətinin səhmləri dünən 14%-dən çox ucuzlaşıb. Mask ümumilikdə 150 milyard dollar itirib. Bu, şirkətin tarixində ən böyük günlük dəyər itkisidir. Hərçənd bu gün səhər saatlarında keçmiş müttəfiqlərin mümkün barışıq xəbəri yayılanda itkilərin bir hissəsi qayıdaraq, səhmlərin dəyəri 5%-dək artıb.
İlon Mask Donald Trampın prezident seçkilərində kampaniyasının böyük qismini maliyyələşdirmiş, ardınca da prezidentin ən vacib müşavirlərindən birinə çevrilmişdi. O, federal işçi qüvvəsini azaltmaqla xərcləri ciddi surətdə endirmək məqsədi güdən mübahisəli təşəbbüs irəli sürmüşdü.
Tərəflərin şifahi münaqişəsi dünən Donald Trampın Ağ Evin Oval Ofisində İlon Maska sərt tənqidlər yağdırması nəticəsində qızışıb. Onlar öz sosial şəbəkə hesablarında (Tramp "Truth"da, Mask isə "X"də) bir-birinə qarşı ittihamlar dilə gətirirlər.
Qarşıdurmanın əsas səbəbi isə İlon Maskın bir neçə gün qabaq Dövlət İdarəçiliyinin Səmərəliliyi Departamentinin rəhbəri vəzifəsindən getməsi və Donald Trampın vergi siyasətini tənqid etməsi idi.
"Ağ Ev nümayəndələrinin Prezident Donald Tramp ilə sabiq müttəfiqi, milyarder İlon Mask arasında meydana gələn böyük qarşıdurmanı barışıqla başa çatdırma cəhdlərinə baxmayaraq, onlar bu gün birbaşa zənglə danışmayacaqlar".