İran Prezidenti Məsud Pezeşkian yaxın günlərdə Ermənistana rəsmi səfər edəcək. Bu barədə məlumatı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlayıb.
Musavat.com xəbər verir ki, mövzunu şərh edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Pezeşkian prezident seçildikdən sonra ilk xarici səfərini Cənubi Qafqaz ölkələri arasında Azərbaycana edib:
"Onun bu seçimi milli kimliyi və Azərbaycanın türk dili ilə bağlılığı baxımından təbii qarşılanıb.
Bununla belə, müşahidəçilər bildirirlər ki, Pezeşkian İrəvanda Bakıda verdiyi bəyanatların eynisini səsləndirə bilməyəcək. Məsələn, Azərbaycan dilində "Heydərbabaya Salam" şeirini səsləndirməsi kimi jestlərin İrəvanda təkrarlanması mümkün görünmür.
İrəvanda İran Prezidentinin daha çox mehriban qonşuluq və iqtisadi əməkdaşlığın inkişafı kimi neytral mövzulardan danışacağı gözlənilir. Onun Ermənistanda verəcəyi bəyanatlar yalnız Bakıda deyil, həm də Təbriz və Ərdəbil kimi şəhərlərdə də diqqətlə izlənəcək".