Son günlər sosial şəbəkələrdə yayılan və bir şəxsin özünü “peyğəmbər” adlandıraraq insanlardan qazanclarının yarısını istəməsi cəmiyyətdə ciddi narahatlıq yaradıb. Sosial şəbəkə istifadəçiləri bu çıxışları dini təhqir, psixoloji manipulyasiya və hətta təhlükə kimi dəyərləndirirlər.
Belə şəxslərin özlərini "seçilmiş", "peyğəmbər" elan etmələri hansı psixoloji pozuntuya işarə edə bilər?
“Yeni Sabah” məsələni araşdırıb, mahiyyətinə varmaq üçün psixiatrlarla əlaqə saxlayıb.
Psixiatr Azər Bağırov sözügedən hadisəyə münasibət bildirərkən qeyd edib ki, normalda psixoloji problemi olan və bu səbəbdən özünü peyğəmbər hesab edən insanlar ətrafdan pul toplamırlar:
“Bu, niyyətli formada insan aldatmaq vəziyyətidir. Amma bəzən depressiv psixoz dediyimiz xəstəliyin manik dövründə xəstələr özlərinin “Mehdi”, “seçilmiş”, “peyğəmbər” olduğuna və Allah tərəfindən göndərildiyinə özlərini inandırırlar. Bu inanış sadə deyil. Həqiqətən belə olduğunu düşünürlər. Onlar insanları dinə, düzgün yola çağırmağa çalışır, ailə üzvlərinə istədiyi kimi yaşamağa imkan vermirlər.
Həmçinin, dini mövzularda çox atəşli mübahisələrə girirlər. O qədər də dindar olmayan birinin radikal dindar rəyə bürünməsi müşahidə olunur. Qadındırsa, hicab bağlayır, yaxud yeməkdən içməkdən kəsilib daim namaza başlayırlar. Amma həmin insanlar belə davranışlardan pul yığmaq məqsədilə istifadə etmirlər. Sadəcə çox içdən inanır və insanları Allahın yoluna dəvət edirlər”.
Psixiatr Azad İsazadə isə mövzunu belə şərh edib:
“Ruhi xəstələr bəzən özünü Napoleon hesab edir, bəziləri də özünü peyğəmbər adlandırır. Sayıqlama nəticəsində onların beynində belə bir formalaşmış fikir yaranır. Onlar bu fikri ətrafdakılara yaymağa çalışırlar.
İkinci variantın adı dələduzluqdur. Biz görürük ki, dələduzların arasında böyük, orta, kiçik dərəcəli afyoralar keçirirlər. Kimsə ətrafına az, kimsə isə çox adam yığmağı bacarır. Elələri də var ki, falçılıqla, cadugərliklə məşğuldur və bəzi insanlar buna inanır və onların dalınca gedirlər. Ayrı bir insan tipləri də var. Amma ən çox yayılan bu iki “seçilmiş insan”lardır”.