Son zamanlarda Ermənistanda Baş nazir Nikol Paşinyanla bütün ermənilərin katolikosu II Qaregin arasında ciddi gərginlik yaşanır.
Tərəflər qarşılıqlı olaraq bir-birini ittiham edirlər. Görünən odur ki, kilsə-Paşinyan qarşıdurması artıq növbəti mərhələyə keçib. Çünki kilsənin keşiş Baqrat Qalstanyan planı fiaskoya uğradı. Onu Paşinyana rəqib kimi ortaya çıxarsalar da, ciddi müqavimət göstərə bilmədi.
Bu səbəbdən də kilsə “B variantı”na əl atdı. Bu dəfə keşişdən daha nüfuzlu şəxsi Baş nazir Paşinyanla qarşı-qarşıya qoydular. Daha dəqiq desək, bu mübarizədə keşiş Baqratı II Qaregin əvəzlədi. Nəticədə, indi onunla Paşinyan arasında söz dueli başladı.
Ümumiyyətlə, kilsə Ermənistanda hakimiyyəti dəyişəcək gücdədirmi? Kilsə həqiqətən Nikol Paşinyanı devirə bilər?
Mövzu ilə bağlı Azad Vətən Partiyasının (AzVP) Siyasi Şuarsının sədri, siyasi ekspert Novruz Novruzov “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Nikol Paşinyan devrilsə, hakimiyyətə “ikinci Paşinyan” gələcək:
“Erməni ideoloqlar tarixdə heç vaxt mövcud olmayan, sadəcə uydurulmuş 300 min kvadrat kilometr əraziyə malik erməni dövlətinin dirçəldilməsi uğrunda “mübarizədə” Erməni Apostol Kilsəsinin gücündən hərtərəfli istifadə edirlər. Məsələ burasındadır ki, erməni kilsəsinin özü də saxtakarlıq və yalanlar üzərində təsbit olunmuş bir qurumdur.
Erməni din xadimləri kilsənin qanunlarını təbliğ etsələr də, özləri bu qanunlara əməl etmirlər və xalqın iztirabları üzərində kef-damaq içərisində yaşayırlar. Üstəlik, dövlətin dünyəviliyinə, strateji məqsədlərinə, beynəlxalq münasibətlərinə, daxili və xarici siyasətinə qarışırlar. Konkret olaraq, indiki şəraitdə Nikol Paşinyanın apardığı hazırkı erməni dövlətinin qorunub saxlanmasına yönəlmiş fəaliyyətinə mane olurlar. Diqqət edirsinizsə, Paşinyan tez-tez rəhbərlik etdiyi dövlətin “29 min 700 kvadrat kilometrlik” ərazisindən bəhs edir. Bu da əbəs yerə deyil”.
Ekspert qeyd edib ki, Paşinyan bu ərazinin də ermənilərə məxsus olmadığını gözəl başa düşür:
“O bilir ki, bu ərazini də əldən versələr, onda heç vaxt dövlət qura bilməyəcəklər. Bu səbəbdən Azərbaycanla sülh müqaviləsinin bağlanması ilə arzuladığı dövləti əbədiləşdirmək arzusundadır. Lakin revanşist mövqe sərgiləyən, aqressiv “Daşnaksütyun” Partiyasına dəstək verən kilsə 300 min kv.km-dən dəm vurur.
Bu isə ölkəni yenidən müharibəyə sürükləmək deməkdir və imperialist ölkələr tərəfindən yaradılmış Ermənistan dövlətinin birdəfəlik süqutuna səbəb ola bilər. Aydındır ki, kilsəni bu yola sövq edən Ermənistanın “5-ci kolon”udur. Ancaq ““5-ci kolon” + kilsə” tandemi formalaşsa, ciddi qüvvəyə çevrilə bilər”.
Novruz Novruzovun sözlərinə görə, Paşinyan kilsəyə qarşı birbaşa çıxa bilmir:
“Bu səbəbdən də dolayı yolla kilsə qanunlarını pozan və onun siyasətini dəstəkləməyən keşişlərin kilsədən uzaqlaşdırılması məsələsini qaldırır. Məsələn, Paşinyan yaxın zamanda özünün “Facebook” səhifəsində II Qaregini kilsənin subaylıq andını pozmaqda ittiham edib. Bu sözlər erməni cəmiyyətində ciddi təlatüm yaradıb. Ona görə ki, bu faktı hamı bilir, ancaq heç kim dilə gətirmirdi.
Ölkənin Baş nazirinin bunu deməsi kilsəyə, onun nüfuzuna ciddi zərbədir. Başqa sözlə, Paşinyan bəyan edir ki, kilsə qanunlarının müqəddəsliyini pozan şəxslərin sözlərinin nə əhəmiyyəti ola bilər ki, onlar dövlətin apardığı siyasəti qınasınlar”.
O diqqətə çatdırıb ki, erməni kilsəsinin həqiqi sifəti bütün dünyaya məlumdur:
“Nikol da bunu anlayır. Hazırda Ermənistanda kilsənin nüfuzundan Rusiya və onun erməni tərəfdarları istifadə etməyə çalışır. Paşinyanın apardığı qərbyönümlü siyasətdə isə kilsəyə rol ayrılmayıb. Baş nazirə güc verən də bu amildir.
Hətta bu amilə görə Paşinyana əlavə dəstəklər ifadə edilə bilər. Çünki Erməni Apostol Kilsəsi erməni xarakteri ilə özünü xristian dünyasının baş qüvvəsi hesab edir və bu xəyalına görə daim başqalarının təhdidi ilə üzləşir.
Yunan və yəhudi dini icmaları ilə tez-tez üz-üzə gələn erməni keşişlərinin saxtakarlığı və aqressivliyi dünyanın dini mərkəzlərini boğaza yığıb. Nifrət o dərəcəyə çatıb ki, Yerusəlimdə erməni məbədinin qarşısından keçən şəhərin yəhudi sakinləri qəzəblərini məbədə tüpürməklə ifadə edirlər.
Bu mənada Nikol Paşinyan kimlərlə mübarizə apardığını bilir və çətin ki, kilsə və baş nazir arasında güclənən qovğada dindarlar nəyəsə nail ola bilsinlər. Onlara dil verən Rusiyanın Cənubi Qafqazda fəal siyasət aparmaq gücü qalmayıb. Hətta terror yolu ilə Ermənistanda hakimiyyətin dəyişdirilməsi də Paşinyanın opponentlərinə baha başa gələ bilər. Düzdür, ola bilsin, Paşinyan hakimiyyətdən getsin, ancaq belə olan halda hakimiyyətə “ikinci Paşinyan” gələcək”.
Ekspert hesab edir ki, hazırda kilsənin potensial hücumunu dəf etmək üçün Paşinyan başçılıq etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının yerli şöbələrinin gücləndirilməsi ilə fəal məşğul olur:
“Çünki dini baxışlar adətən əyalətlərdə güclü olur. Düşünürəm ki, erməni xalqı da kilsənin fəaliyyətinin aqressivliyindən yorulub və dinc, sakit həyat üçün siyasətdən kənar duracaq. Bu isə Baş nazirə və onun komandasına hakimiyyətdə qalmaqda kömək olacaq”.