Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib ki, Azərbaycan Ermənistandan ləğv edilmiş separatçı qurumun İrəvandakı qalıntılarının ləğvini tələb edib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti rəsmi Bakının sülh prosesi çərçivəsində irəli sürdüyü bu tələbini yerinə yetirməyə başlayıb. Abramyan iddia edib ki, Nikol Paşinyan hökuməti separatçıların "seçki" cəhdlərinə mane olur: "Parlament (qondarma qurum) son dərəcə məhdud səlahiyyətlər altında fəaliyyətini davam etdirməsinə baxmayaraq, Ermənistan hakimiyyətin hücumları üçün daimi hədəf olaraq qalır". Deputat əlavə edib ki, İrəvan Bakının tələbi ilə “Qarabağ səhifəsi”ni Ermənistanda tamamilə bağlamağa çalışır.
Politoloq Elçin Xalidbəyli Sherg.az-a deyib ki, Azərbaycan dövlətinin keçmiş separatçı qurumun "strukturları" ilə məşğul olmağa ehtiyacı yoxdur. Ekspert vurğulayıb ki, Azərbaycan üçün bu məsələ çoxdan bağlanıb:
"Azərbaycan Rusiyanın erməni layihəsini artıq ləğv edib. Ölkəmizdə erməni separatizmi və terrorizmin mövcud olduğu dövr çoxdan sona çatıb. O ki qaldı Paşinyanın erməni separatçılarına problemlər yaratmasına, bu, Paşinyan hakimiyyətinin birbaşa maraqlarından qaynaqlanır. Çünki erməni separatizmi əsasən Rusiya kəşfiyyatı tərəfindən idarə olunurdu. Həmin separatçılar Rusiyanın təlimatlarını yerinə yetirirdilər. Elə indi də erməni separatçı tör-töküntüləri Ermənistan ərazisində Rusiyanın təlimatları ilə oturub-dururlar. İndiki situasiyada erməni kilsəsi, "Qarabağ klanı", o cümlədən erməni separatçı qurumlar məhz Kremlin maraqlarına xidmət edirlər. Ona görə də Paşinyan hakimiyyəti separatçıların fəaliyyətində maraqlı deyil. Çünki bu qüvvələr hər an qiyam qaldıra və Paşinyan hakimiyyətinin devrilməsi istiqamətində müəyyən addımlar ata bilərlər. Paşinyan hökuməti də bundan narahatdır. O səbəbdən "dövlət içində dövlət olmaz" prinsipindən çıxış edərək erməni separatçı qurumların fəaliyyətinin qarşısını almağa çalışır. Bunu da öz siyasi maraqları baxımından etməyə çalışır".
Analitik vurğulayıb ki, Azərbaycan dövlətini bu məsələyə bulaşdırmaq tamamilə qeyri-ciddi, reallıqdan uzaq bir məsələdir:
"Azərbaycan üçün bitmiş bir məsələni yenidən bizim üzərimizə yönəltməyə təşəbbüs absurd və məntiqsizdir. Əksinə, Paşinyanın bu qondarma qurumlara yönəlik siyasətinin əsl səbəbini anlamaq istəyənlər Rusiya XİN başçısı S.Lavrovun İrəvana səfəri zamanı vurduğu eyhamları nəzərə almalıdırlar. Bəzi məlumatlara görə, Lavrov Paşinyan hakimiyyətinə erməni separatçı-terrorçu qurumların fəaliyyətinin vacibliyinə eyham vurub. Bildirib ki, bu qurumlar hələ Ermənistana lazım ola bilər. Əslində isə Ermənistana yox, məhz Rusiyaya lazım ola bilər. Paşinyan çox gözəl anlayır ki, erməni separatçılar Rusiyanın əlində oyuncaqdır. Baş nazir bu aləti sıradan çıxartmaqda maraqlıdır".