“Böyük Hüseyn Cavidin ev muzeyini və məqbərəsini ziyarət etdim. Dostlarımız Əshabi-Kəhfə və Mömünə Xatun məqbərəsinə getdilər. Söylədim ki, mən maarif, tərəqqi, aydınlanma məkanı olmayan yerlərdən hansısa enerji ala bilmirəm. Eyvallah, siz ölülərin yanına, mən də ölüləri dirildənlərin yanına!”
Bu sözləri deputat, əslən Naxçıvandan olan Fazil Mustafa qeyd edib. “Məncə, Naxçıvanda öncəlikli üç mütərəqqi ziyarət məkanı var: Hüseyn Cavidin evi və məqbərəsi, Ordubadi adına Mərkəzi Kitabxana və Naxçıvan Dövlət Dram Teatrı və qarşısındakı böyük Mirzə Cəlilin əzəmətli heykəli”, - o bildirib.
Qeyd edək ki, Naxçıvandan olan digər deputat Qüdrət Həsənquliyev Azərbaycanda yeni Kəbənin yaradılması təklif etmişdi. O, partiyanın mətbuat xidmətinin suallarını cavablandırarkən deyib ki, Naxçıvanda yerləşən Əshabi-Kəhfdə Məkkədəki Kəbənin - İslamın ən mühüm məscidinin (Allahın evinin) eynisini tikə bilərik. Lakin həmkarı F.Mustafa Əshab-Kəhfi maarifdən, tərəqqidən kənar yer adlandırıb.
Deputatın bu yanaşmasını belə qəbul etmək olarmı?
Qeyd edək ki, deputat Fazil Mustafanın fikirləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəziləri bu yanaşmanı maarifçi və rasional düşüncənin ifadəsi kimi müdafiə edib. Qeyd olunur ki, onun yanaşması maarifçilik fəlsəfəsinə əsaslanır, yəni xalqın irəli getməsi üçün öncə düşüncə azadlığı, ədəbiyyat, elm və teatr kimi sahələrə söykənmək gərəkdir. Deputat üçün diriltmək - cismi deyil, fikri, ideyanı, düşüncəni diriltməkdir.
Digər qisim bunu dini dəyərlərə, tarixi şəxsiyyətlərə və xalq yaddaşına sayğısızlıq kimi dəyərləndirib.
Bəs Əshabi-Kəhf, onun tarixi və dini önəmi nədir?
Xatırladaq ki, Əshabi-Kəhf ziyarətgahı Naxçıvanın Culfa rayonunda yerləşir və Qurani-Kərimdə adıçəkilən “Yeddi Yatanlar” əfsanəsi ilə əlaqələndirilir. Bu əfsanəyə görə, bir qrup gənc Allah yolunda dini təqibdən qaçaraq mağarada uzun illər yuxuya gedir və oyananda cəmiyyətin dəyişdiyini görürlər. Əshabi-Kəhf bu baxımdan həm İslam, həm də xristian ənənəsində müqəddəs sayılan yerlərdəndir. Azərbaycanda bu yerin lokalizasiyası da Naxçıvandakı mağaraya əsaslanaraq formalaşıb.
Ziyarətgah hazırda həm dini, həm də turistik məqsədlərlə ziyarət olunur. Hər il minlərlə insan buraya gəlir, dua edir və mənəvi arınma axtarır. Dövlət tərəfindən abadlaşdırılan bu məkan Prezident İlham Əliyevin səfərləri çərçivəsində də ziyarət olunub.
Dini mövzular üzrə ekspert Kənan Rövşənoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Deputat Qüdrət Həsənquliyevin Əshabi Kəhf haqqında dedikləri İslam dini ilə uyğun gəlmir. Çünki Məkkə Quranda adı sabitlənmiş, müsəlmanlar üçün müqəddəs məkandır. Hər hansı başqa yer nə inşa etsən belə Məkkəni əvəz edə bilməz. Bu aydındır.
O ki qaldı Əshabi-Kəhf barədə Fazil Mustafanın dediklərinə, bölücü yanaşmadır. Əshabi-Kəhf axı Hüseyn Cavidə, ya da kitabxanaya qarşı deyil. Üstəlik, ölülər yeri də deyil, əksinə, simvolik olaraq da diriləri əks etdirir, Qurana görə oradakı insanlar dövrün zalım hakimiyyətindən qaçaraq mağarada gizlənmiş insanlardır, Allah onları qoruyur və 300 ildən artıq orada qalırlar. Yəni əslində dirilərin məkanıdır Əshabi-Kəhf, həqiqi mənada dirilərin. Yəni Naxçıvana gedib həm dram teatrını, həm Cavidi, həm Mirzə Cəlili, həm də Əshabi-Kəhfi ziyarət etmək olar. Bunlar bir-birinə maneə deyil. Hüseyn Cavid həm böyük maarifpərvər, həm də dini dəyərlərə bağlı insan olub. Yəni normal olaraq biri o birinə mane olmamalıdır".