Cəbrayıl rayonundan olan məcburi köçkün, şəhid anası Gövhər Fətullayeva yaşadığı çətin həyat şəraitindən gileylənir.
"DİA-AZ" xəbər verir ki, onun sözlərinə görə, uzun illər tibb bacısı kimi çalışıb və Vətən uğrunda gedən döyüşlər zamanı həyatını təhlükəyə ataraq çoxsaylı yaralı əsgərləri döyüş meydanından çiyinlərində çıxarıb, onlara ilk tibbi yardım göstərib.
Gövhər Fətullayeva bildirir ki, döyüşlərin birində aldığı güllə yarası diz qapağına dəyib və həmin vaxtdan etibarən yerimə qabiliyyətini itirib.
O qeyd edir ki, oğlu Nurəddin Fətullayev Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid anasının sözlərinə görə, uzun illər Yasamal rayonundakı yataqxanada ağır şəraitdə yaşayıb, hazırda isə Qobu qəsəbəsindəki yaşayış yerində vəziyyətinin daha da ağırlaşdığını deyir.
Gövhər ana ömrünün qalan hissəsini sakit və layiqli şəraitdə yaşamaq istədiyini bildirərək Azərbaycan Prezidenti və aidiyyatı dövlət qurumlarına müraciət edib. O, Bakı şəhərində normal yaşayış şəraiti olan mənzillə təmin olunmasını xahiş edir.





















