
"Deputat Zahid Oruc deyib ki, AMEA ləyaqətli alimlərin ehtiyac duyduğu büdcə vəsaitlərinin talan edilməsinin ünvanına çevrilibmiş... Mən isə uzun illərdir, bu həqiqətləri dediyim və akademik şəbəkənin ləyaqətsizləşdirmə xəttinə qarşı çıxdığım üçün ailəlikcə mənəvi-psixoloji təzyiqlərə məruz qaldım". "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasov ifadə edib.
O daha sonra davam edir: "Miyonları yediyi halda hazırda AMEA rəhbərliyində təmsil olunan, harınlamış alim-akademik-məmurların özləri, hətta nəvə-nəticələri, itləri-pişikləri eyş-işrət içində qudurduqları halda, həyat şəraitinin ağırlığından mənim ailə üzvlərim xəstəlik tapdılar, uşaqlarımın təhsili yarımçıq qaldı və s.
Niyə? Ona görə ki, cinayəti norma sayan şişmiş, yağlanmış, beyni piylənmiş akademik şəbəkə boslarının iradəsinə tabe olmadım. Niyə tabe olmadım? Çünki qan içməkdən iyrənirəm. Onların idbar, antibəşəri əməllərini müşahidə etdikcə ürəyim qalxıb. Empatiya hissindən məhrum bu varlıqların tutduqları yol xalqı ləyaqətsizləşdirmək, inamsızlıq və etibarsızlıq mühiti yaratmaq, düşük, cahil bir xalq obrazı formalaşdırmaq, talamaq, qan içmək yoludur..."
"DİA-AZ" qeyd edir ki, sonda keçmiş PA şefi Ramiz Mehdiyevə biət edib dövlətin pulunu dədə malı kimi yeyənlərin təkrar olaraq cəzasız qalma ehtimalına işarə edən İdris Abbasov belə deyir: "İslah olunmayacaq dərəcədə korrupsiyalaşmış mövcud akademik şəbəkə hazırkı əməliyyatlardan da "alnıaçıq", "üzüağ" çıxsa, ölkə olaraq varlığımız sual altında olacaq..."