Badamdar – “20-ci Sahə” yolunun aylardır bağlı qalması artıq ciddi nəqliyyat probleminə çevrilib.
Bu ilin martında Badamdar yamacında sürüşmə riskinin yarandığı əsas gətirilərək yol beton maneələrlə bağlanıb və nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Lakin aylar keçməsinə baxmayaraq, yol hələ də bağlıdır və problem olduğu kimi qalır.
Məsələ ilə bağlı bir neçə ay əvvəl ərazidə vəziyyətin qiymətləndirilməsi məqsədilə Səbail Rayon İcra Hakimiyyətinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Fövqəladə Hallar Nazirliyinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilib.
Baxış zamanı Badamdar yamacında sürüşmə riskinin artdığı, bunun isə yol hərəkəti üçün təhlükə yaratdığı bildirilib. Bu səbəbdən nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasının zəruri olduğu qeyd edilib.
Təhlükəsizlik baxımından atılan bu addım başadüşülən olsa da, aradan aylar keçməsinə baxmayaraq yolun hələ də istifadəyə verilməməsi ciddi narazılıq doğurur. Yolun beton maneələrlə bağlanması yalnız hərəkəti dayandırır, problemin özünü isə həll etmir.
Əgər təhlükə aradan qaldırılmırsa, məhdudiyyətin müddətinin uzadılması da vəziyyəti dəyişmir. Qeyd edək ki, yolun aylarla bağlı qalması sürücülərin gündəlik hərəkətinə ciddi çətinlik yaradır. İnsanlar əlavə məsafə qət edir, vaxt itirir, alternativ yollara yönəlirlər. Üstəlik, bu istiqamətdə hərəkətin məhdudlaşdırılması digər yollara da əlavə yük gətirir.
Ən narahatedici məqam isə problemin nə vaxt həll olunacağının bəlli olmamasıdır. Yol bağlanıb və yolun nə vaxt açılacağı barədə konkret tarix yoxdur. Həmçinin, görülən işlər barədə ictimaiyyətə mütəmadi şəkildə məlumat verilmir. Problemin həlli qeyri-müəyyən olaraq qalır.
Problemin aktuallığını artıran digər məqam isə yeni tədris ilinin başlamasına sayılı günlər qalmasıdır. Sentyabrda məktəb və universitetlərin fəaliyyətə başlaması ilə paytaxt yollarında nəqliyyat yükünün əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Badamdar–“20-ci Sahə” yolunun bağlı saxlanılması onsuz da yüklü olan alternativ istiqamətlərdə sıxlığı daha da artıra bilər.
Badamdar–“20-ci Sahə” yolu nə vaxta qədər bağlı qalacaq?
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən "Cebheinfo.az" –a bildirilib ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrup yaradılıb:
“Araşdırma tədbirləri və layihələndirməyə hazırlıq işləri həyata keçirilir. Bu çərçivədə, hazırda Fövqəladə Hallar Nazirliyi, Dövlət Su Ehtiyatları Agentliyi və Yaponiyanın "Shinyei Kaisha" şirkətinin mütəxəssisləri tərəfindən ərazidə geoloji tədqiqat işləri aparılır. İşlər yekunlaşdıqdan sonra ərazidə müvafiq tədbirlərin görülməsinə başlanılacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Müvafiq qurumun təqdim etdiyi bu cavab isə problemin həllinin hələ çox uzaqda olduğunu göstərir...
Gülər Həsənli









