Xəbər verdiyimiz kimi, aktrisa Oksana Rəsulova psixoloq Ceyran Muradovanın azyaşlı uşağa zorakılığı ilə bağlı görüntüləri paylaşaraq polisə müraciət edib. Sözügedən kadrlar sosial şəbəkələrdə də böyük tənqid və narahatlıqla qarşılanıb. Artıq faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Zorakılıq faktı təsdiqlənərsə, Ceyran Muradova barəsində hansı tədbirlər görülə bilər?
Globalinfo.az-a danışan vəkil Ramil Süleymanovun sözlərinə görə, həmin psixoloqun bu şəkildə davranmasının hər hansı qanuni əsası olub-olmamasını müəyyən etmək lazımdır:
“Bəzi hallarda psixoloqlar, xüsusilə autizm spektr pozuntusu olan şəxslərlə işləyərkən, onlara müəyyən komandaları icra etdirmək və təlim keçirmək məqsədilə metodikalarında nəzərdə tutulan müxtəlif üsullardan istifadə edirlər. Bu baxımdan, həmin psixoloqun tətbiq etdiyi metodun onun vəzifə və səlahiyyətlərinə daxil olub-olmaması müəyyən edilməlidir. Eyni zamanda, əgər həqiqətən də qanunazidd hərəkət və ya pozuntu baş veribsə, bununla bağlı həm həmin mərkəzə qarşı, həm də valideyn tərəfindən maddi və mənəvi zərərin ödənilməsi, eləcə də hüquq-mühafizə orqanlarına müraciət edilərək məsələnin araşdırılması lazımdır”.
Vəkil qeyd edib ki, əgər qanunvericiliyə uyğun olmayan tədris metodikasından istifadə edildiyi müəyyən olunarsa, hüquq-mühafizə orqanları tərəfindən şəxsin təqsiri və yetirdiyi xəsarətin dərəcəsi araşdırılır:
“Əgər xəsarət müəyyən edilərsə, onun yüngül, az ağır və ya ağır xəsarət olmasından asılı olaraq, müvafiq hüquqi qiymət verilə və cinayət işi başlana bilər. Əgər cinayət məsuliyyəti yaradan xəsarət müəyyən olunmazsa, bu halda İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tətbiqi məsələsinə baxıla bilər. Eyni zamanda, həmin şəxsin fəaliyyətində digər uyğunsuzluqlar və ya qanun pozuntuları müəyyən olunarsa, onun barəsində də qanunvericiliyə uyğun müvafiq tədbirlər görülə bilər. Bundan əlavə, ailə onlara vurulmuş maddi və mənəvi zərərlə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət edərək zərərin ödənilməsini tələb edə bilər”.






