Moskva metrosunda miqrantlara qarşı reyd zamanı 140-a yaxın əcnəbi saxlanılıb. Onları polis bölmələrinə aparıblar. "DİA-AZ" xəbər verir ki, məlumatı Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti yayıb.
Qurum bildirib ki, saxlanılan şəxslər ölkədə miqrasiya qanunvericiliyini pozaraq qalıblar, "nəzarət altında olan şəxslərin reyestri"nə daxil ediliblər. Onların ölkədən çıxarılması və Rusiyaya girişlərinin qadağan olunması planlaşdırılır.
DİN bu şəxslərin aşkarlanmasıi üçün "ən yeni" texnologiyadan istifadə etdiyini bildirir.
Məlumata görə, sistemin Rusiyanın regionlarında infrastruktur obyektlərində tətbiqi sayəsində belə nəticə əldə edilib. Söhbət aeroportlardan, dəmiryol vağzallarından, şəhər nəqliyyatı, çay limanları, Moskva metropolitenindən gedir.
DİN "ən yeni" texnologiyanın mahiyyətini açıqlamayıb. Əməliyyat çəkilişlərinin bulanıq görüntüləri yayılıb, polis əməkdaşlarının hansısa tətbiq vasitəsilə üztanıma yoxlaması apardığı görünür.









