"Düşünürəm ki, Mətbuat Şurası İdarə Heyətinin üzvlüyündən istefa verim. Məncə yerimizi gənclərə və daha bacarıqlı media generallarına vermək lazımdır. Misal üçün, niyə Bəhram Bağırzadə kimi nəhəng media təmsilçisi mənim yerimə Mətbuat Şurasında olmasın?" "DİA-AZ" xəbər verir ki, bu ironik açıqlama ilə tanınmış media nümayəndəsi Azər Həsrət çıxış edib.
O daha sonra özünün etiraz dolu açıqlamasında belə davam edir: "Onun orada olmaması Azərbaycan mediası adına çox böyük ayıbdır! Mütləq bu ayıbı aradan qaldırmaq lazımdır! Ümumiyyətlə isə düşünürəm ki, bütün beynəlxalq platformalarda Azərbaycan mediasını allahın urus dilini bilməyənlər təmsil etməlidir! Mətbuat Şurası və bənzər qurumları isə mütləq urusdillilərdən təşkil etmək lazımdır! Onda Azərbaycan çox irəli gedəcək! Yoxsa mənim kimilərin öhdəsinə qalıb bu işlər.
2001-ci ilin iyun ayında Güney Koreyanın paytaxtı Seulda Beynəlxalq Jurnalistlər Federasiyasının qurultayında iştirak etmişdim. Özü də düz bir həftə! Həm də çox uğurlu bir şəkildə! Sonra öyrəndim ki, sən demə, 1926-cı ildə qurulmuş bu Federasiyanın bütün tarixi boyu onun qurultayına qatılan ilk Azərbaycanlı imişəm. Misal üçün yazdım bunu..."






















