"Kefiniz yoxdur? Kədərlisiniz? Səbəbini bilmirsiniz? Dava edin! Uca səslə! Amma, çalışın, səbəbsiz olmasın, sonra peşiman olassız! Qışqırıb-bağıraraq, ədalət axtarın! Bacı canı, adam nətəri yüngülləşir, elə bil, üstü dondurmalı, içi vulkanlı brauni yemisən!" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Afət Yaqubova yazıb.
Jurnalist daha sonra fikrini belə davam etdirir: "2 gün idi səbəbini bilmədiyim bir susqunluq var idi məndə - üzü depressiyaya gedirdim. Səhər gördüm həyətdən səs gəlir. Baxdım ki, illərdir işləməyən fontanın içini daşla doldururlar. O fontanın ki, komendantdan neçə dəfə təmir olunmasını istəmişdim. İndi ləğv edirdilər. Düzü, hirslənməyə həvəsim yox idi. Sağ olsun, bizim məllim yüngülcə qaz verdi - ayda 50 manatdan çox kommunal haqqı ödəyirik "Kristal"a! Hara gedir o pul? Xarab olan bircə şeyi bərpa eləmirlər, ləğv eləyirlər, sökürlər! Sabah-birigün bulvardakı evləri satandan sonra da heç onları tapa bilməyəssən. Şlaqbaum 2 gündən bir xarab, domofon işləmir, lift laqqıldayır, binanın üstündəki işıqlar göz vurur, zibilxanaya yer tapılmır, parkinq süpürülmür, xadiməni blokda həftədə bir dəfə görürsən... Bu evi biz alanda fontanla almışdıq, mənzərə və fərahlığına görə. Yoxsa, başqa yer seçərdik də!.. Canım üçün elə beləcə ha! Yəni bildiyiniz, nə qədər vaxtdır görüb görməzdən gəldiyim, hirslənmək istəmədiyim şeylərin hamısını yadıma salıb, qaza gətirdi! Nətəri cinləndimsə, zəng elədim "Kristal"a. Heç telefonu götürüb-eləyən də olmadı, düşdüm həyətə! Hirsimi tökdüm komendanta. O da təzədir, heç 15 gün deyil işə başlayıb, məni sakitləşdirməyə çalışdı. Onun məni hirslənməməyə çağırmasına da bir yandan hirsləndim. Həyəti zibilləndirən qonşulardan tutmuş, həyətdə maşın saxlayan qonşulara qədər, hamısına çığırdım. Yadıma düşdü ki, elə onların da səbəbi şirkətin doğru idarə etməsidir. "Kristal"dan zəng gəldi - elə biliblər alıcıyam. Elə başlamışdım şikayətə, dedilər ki, şikayətinizi emaillə göndərin. Dedim, heş zad... Mən deyim, siz eşidin, qalanını özünüz bilərsiz ta. Və dedim.
Yalan nə deyim, bir on dəqiqə danışdım - şikayətim çox idi. Ay... Sonra mənə bir sakitləşmə gəldi, bir rahatlama gəldi. Bir yüngülləşdim.
Yəni dediyim - qışqırmaq gözəl şeydir! Hirsləndiyiniz şeyləri içinizə basdırmayın! Məsələn, bu saat depressivsinizsə, düzəlməyə mütləq bir dava tapa bilərsiniz. Tapa bilməsəniz, mənim adımdan "Kristal"a zəng eləyin. Deyin, fontanın içinə tökdükləri daşları uşaqlar təpikləyib həyətlə bir elədilər! Mən hələlik sakitəm, qanımı qaraltmaq istəmirəm..."






