1918-ci ilin martında bolşeviklər ilə Berlin və onun Birinci Dünya müharibəsindəki müttəfiqləri arasında Brest müqaviləsi imzalandıqdan sonra almanlar ingilislərin Bakı neftinə yaxınlaşmasının qarşısını almağa çalışırdılar.
Məhz həmin ərəfədə Gəncədə qraf Verner fon Şulenburq peyda oldu. Rusiya kəşfiyyatının məlumatlarına görə, o, hələ Birinci Dünya müharibəsi başlamazdan əvvəl Tiflisdəki baş konsul postunun pərdəsi altında bu regionda geniş bir casusluq şəbəkəsi qura bilmişdi. Şulenburq əsasən bölgədə pərakəndə şəkildə yerləşən çoxsaylı alman koloniyalarının sakinləri arasında iş aparırdı.
Kim idi bu qraf?
Fridrix-Verner fon Şulenburq alman diplomatı olaraq alman zadəgan nəslinin nümayəndəsidir. 1894-cü ildə Braunşveyqdəki Vilhelm gimnaziyasını bitirib. 1895-ci ildə Potsdamdakı 9-cu alayda könüllü hərbi xidmət keçib. Lozanna, Münxen və Berlin universitetlərində dövlət hüququnu öyrənib, 1900-cü ildə dövlət-hüquq elmləri doktoru dərəcəsini alıb. Birinci Dünya müharibəsində döyüşçü qismində iştirak edən qraf Şulenburqu tezliklə yenidən diplomatik səhnəyə qaytardılar. Ərzurum, Beyrut və Dəməşqdə konsul vəzifəsində çalışdıqdan sonra o, 1918-ci ildə alman nümayəndə heyətinin tərkibində Cənubi Qafqaza dönmüşdü. 1918-ci ildə Gürcüstan göndərilib və alman nümayəndə heyətinin tərkibində sosial-demokrat hökuməti ilə aparılan danışıqlarda iştirak edib. Gürcüstanın müstəqilliyinə zəmanət verən Gürcüstan-Almaniya müqaviləsinin hazırlanmasında mühüm rol oynayıb.
1918-ci ilin yayında, keçmiş Yelizavetpol qubernatorunun iqamətgahında o, Azərbaycanın ilk baş naziri Fətəli xan Xoyski və öz köhnə tanışı Behbud xan Cavanşir ilə görüşüb. Almaniya ilə yaxşı əlaqələri olan daxili işlər naziri Behbud xan Cavanşir gənc cümhuriyyətin daxili asayişini qorumaq, bolşevik və erməni casus şəbəkələrinə qarşı mübarizə aparmaq üçün bəzi alman zabitlərinin təcrübəsindən təlimatçı kimi istifadə edirdi. Şulenburq bu kadr dəstəyinin təşkilində mühüm fiqur idi. O, Fətəli xan Xoyskini çətin və böhranlı vəziyyətdə soyuqqanlılığını qoruyan ciddi dövlət xadimi, Behbud xan Cavanşiri isə Avropa təfəkkürlü, praqmatik və böyük təşkilatçılıq qabiliyyəti olan bir mühəndis kimi təsvir edirdi.
O başa düşürdü ki, Qafqazda real hərbi güc və gələcək neft resursları Azərbaycandadır.
Almaniya Baş Qərargah kəşfiyyatının məlumatına görə, Behbud xan Cavanşirdir Almaniyada türk gənc türkləri ilə, Nuru paşa və Ənvər paşa ilə yaxından dostlaşmışdı. Şulenburq yeni yaranan Azərbaycan Cümhuriyyətinə kəşfiyyat zabitlərinin hazırlanması ilə yanaşı, Behbud xan Cavanşirə əks-kəşfiyyatın qurulmasında, Azərbaycanın müxtəlif rayonlarında agentura işinin təşkilində və kadrların seçilməsində dəstək olub.
Nuru paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunun regionda tam hegemonluq qurmasını Almaniya istəmirdi. Şulenburq Azərbaycan hökuməti ilə birbaşa kanallar açaraq Berlinin də bölgədə söz sahibi olmasını təmin etməyə çalışırdı. Şulenburq, Behbud xan Cavanşirin Bakı Kommunasının rəhbəri Stepan Şaumyanla olan köhnə tanışlıq əlaqələrindən istifadə edərək Bakı ilə Gəncə arasında gizli bir diplomatik körpü qurmağa çalışırdı. Məqsəd Bakı Kommunasını şəhəri almanlara təslim etməyə və nefti Berlinə verməyə razı salmaq idi.
Şulenburqun və Berlinin bütün gizli ssenarilərinə baxmayaraq, Azərbaycan hökuməti və Osmanlı ordusu qətiyyətli mövqe nümayiş etdirdi. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad etdi. Bununla da Şulenburqun Bakı neftini bolşeviklərlə sövdələşmə yolu ilə əldə etmək planı iflasa uğradı.
Buna baxmayaraq o Azərbaycanı yenə müdafiə edirdi. 1919-cu ildə İstanbulda keçirilən Qafqaz Konfransında o, Almaniyanın nümayəndəsi kimi iştirak edirdi. Həmin konfransda qraf Şulenburq Osmanlı nümayəndə heyətinə qarşı həm Gürcüstanın, həm də Azərbaycanın müstəqillik maraqlarını, eyni zamanda Almaniyanın bu respublikalardakı iqtisadi qətiyyətlə müdafiə etmişdi.
Qeyd edim ki, ikinci dünya müharibəsi illərində də Azərbaycanla bağlı işləri olub. M.Ə.Rəsulzadənin Almaniya hökuməti ilə əlaqələri Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinə başçılıq edən professor Gerhard fon Mende və Almaniyanın Moskvadakı səfiri, Almaniya Xarici İşlər Nazirliyinin təmsilçisi Fridrix-Verner fon Şulenburq vasitəsilə olub. M.Ə.Rəsulzadənin Almaniya hökuməti ilə əlaqə qurmaqda başlıca məqsədi sayı 70 minə qədər olan azərbaycanlı əsirləri xilas etmək və Azərbaycanın müstəqilliyinin Almaniya hökuməti tərəfindən qəbul edilməsi idi.
Bununla əlaqədar o, Almaniyada olarkən "Milli Azərbaycan Komitəsi"ni yaratmış, Almaniya hökuməti ilə danışıqlar aparmışdı. Ancaq Hitler "komitələr" deyil, məhdud səlahiyyətli "milli komissiyalar" yaratmağa üstünlük vermişdi.
Rəsulzadə alman rəsmi dairələri, o cümlədən Şulenburqun rəhbərlik etdiyi qrupun nümayəndələri ilə keçirdiyi görüşlərdə qəti şərt qoydu: Azərbaycanlı əsirlərdən ibarət legionlar yalnız o halda vuruşa bilər ki, Almaniya gələcəkdə Azərbaycanın müstəqilliyini rəsmən tanısın Şulenburq köhnə bir diplomat kimi Rəsulzadənin bu tələbini tamamilə haqlı sayır və Hitler rəhbərliyinə hesabatlarında bildirirdi ki, mühacir liderlərinə real müstəqillik vədləri verilmədən Şərq cəbhəsində yerli xalqların dəstəyini qazanmaq qeyri-mümkündür.
Lakin həm Rəsulzadənin, həm də Şulenburqun təklifi Hitlerin diqqətini çəkmədi, çünki O, Qafqaz xalqlarına müstəqillik vermək niyyətində deyildi, onun məqsədi Bakı neftini tamamilə Almaniyanın birbaşa müstəmləkəsinə çevirmək idi.
Buna görə də Rəsulzadə Almaniyanı tərk elədi, Qraf isə, Xarici İşlər Nazirliyindəki Hitlerə qarşı gizli qruplaşmaya üzv oldu.
MƏNBƏLƏR
• Fond Bestand, R 21013 Der Weltkrieg Nr. 11g: Unternehmungen und Aufwiegelungen gegen unsere Feinde in Kaukasus, Türkei Nr. 134: Die Erdölfelder von Baku, Aktenband: Der Weltkrieg Nr. 11g, https://invenio.bundesarchiv.de/invenio/
• PAAA, R 21013, Türkei Nr. 134, Bl. 45-48. Graf von der Schulenburgs Telegramm aus Gandscha an das Auswärtige Amt, 12. Juli 1918. https://gsta.preussischer-kulturbesitz.de/recherche.html
• BA-MA, PH 3, Kaukasus-Akte, Band II, 1918, S. 112-115 https://archiv.diplo.de/
Prof.Dr.Zaur Aliyev - "DİA-AZ"








