Turan Partiyasının sədri Cahandar Bayoğlunun Reaksiya TV-də Zaur Qəriboğlunun verilişində səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. O bildirib ki, guya illər əvvəl keçmiş müdafiə naziri Rəhim Qazıyev və siyasətçi Nemət Pənahlının İrana getməsinin məqsədi sonradan oradan “ayətullah” kimi qayıtmaq olub. Bundan əlavə, o iddia edib ki, əgər Şeyxülislam Allahşükür Paşazadə SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovun dediyi məsuliyyəti öz üzərinə götürsəydi, Rəhim Qazıyev və Nemət Pənahlı mütləq İrandan “ayətullah” kimi geri dönəcəkdilər.
Bu fikirlər səsləndirilən zaman studiyada qonaq olan keçmiş baş nazir Pənah Hüseyn gülməyə başlayıb.
Globalinfo.az məsələ ilə bağlı Rəhim Qazıyevlə əlaqə saxlayıb.
O, deyilənləri təkzib edib:
“Cahandar Bayoğlunun dedikləri cəfəngiyyatdır. O illərdə Cahandarın neçə yaşı var idi? Adam yaşından böyük danışır. Məndən çoxunun xoşu gəlməyə bilər, heç mənim də onlardan xoşum gəlmir. Amma dürüst və vicdanlı olsunlar! O qeyri-ciddi adamdır. Onun dediklərinə cavab verməyə də utanıram. Mən kim olduğumu yaxşı bilirəm, özümə də dəyər verirəm. Vətənimə, xalqıma, millətimə etdiyim nələrinsə qarşılığını güdməmişəm. Mən anamın anasına (Vətənə) xidmət etmişəm”.
Rəhim Qazıyev Qorbaçovla yaxın münasibətinin olmadığını qeyd edib:
“Mənim 84 yaşım var, dünənki uşaq deyiləm. Çıxırlar verilişə, ağızlarına gələni danışırlar. Mən heç kimin qarşısında əyilməmişəm. İnsanın ləyaqəti, vicdanı olar. Bir adam da çıxıb ona sual vermir ki, ağlına gələni danışırsan, bəs niyə o vaxt özün cəbhə bölgəsində olmamısan?! Niyə bu millət üçün vuruşmamısan? Deyəcək ki, o vaxt uşaq idim. O vaxt uşaq olan indi çıxıb deyir ki, kiminsə tapşırığı ilə “ayətullah” olaraq qayıdacaqdım. Yalan deyənə Allah qənim olsun!”.
Rəhim Qazıyev özünü güllələməsi məsələsinə də toxunub:
“Deyirlər ki, guya o vaxt özüm ayağıma güllə vurmuşam. Bu qədər namussuzluq olar? Mən öz ləyaqətimi, namusumu, vicdanımı ayaq altına atmaram. Mən Azərbaycana zamanında Rusiyadan milyardlarla dollarlıq əmlak gətirmişəm. Nazir olanda kimlərə ev, rütbə vermişəmsə, hamısını təmənnasız etmişəm. Heç kim deyə bilməz ki, Rəhim Qazıyev məndən rüşvət alıb nəyisə verdi. Atam Şəkidə tanınmış həkim olub, 10 otaqlı evimiz hələ də qalır. Bakıda isə 79-cu ildə aldığımız evdə yaşayıram. Minlərlə adama ev verdirmişəm. Hətta Əbülfəz Elçibəy mənə ev verəndə, 2 ay vaxtı uzatdım, sonra getmədim, imtina etdim. Adam çox şeyləri danışmağa utanır”.








