Azərbaycanda orta aylıq əməkhaqqının 1150 manatı keçməsi geniş müzakirə olunur. Rəsmi statistikaya görə, ölkədə əməkhaqqı göstəricilərində artım qeydə alınıb. Bununla belə, cəmiyyətdə bu rəqəmin real gəlirləri nə dərəcədə əks etdirdiyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Orta aylıq əməkhaqqının artmasına hansı amillər təsir edib? Yaxın dövrdə əməkhaqqı və sosial ödənişlərlə bağlı yeni artımların baş verməsi gözlənilirmi?
Globalinfo.az-a danışan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva deyib ki, ölkədə orta aylıq nominal əməkhaqqı 2026-cı ilin yanvar-aprel aylarında 1172,1 manat təşkil edib:
“Bu göstərici 2025-ci ilin yanvar-noyabr ayına olan göstəricisi ilə müqayisədə təxminən 8 faiz artım deməkdir. Təbii ki, ilin sonunadək bu göstəricidə dəyişiklik ola bilər. Orta aylıq əməkhaqqının artımı əsasən yüksək maaşlı sahələr hesabına formalaşıb. Xüsusilə neft-qaz sənayesi, maliyyə və sığorta sektoru, informasiya texnologiyaları və dövlət sektorunda müşahidə olunan maaş artımları buna təsir edib”.
Ekspert qeyd edib ki, Bakı ilə regionlar, eləcə də dövlət və özəl sektor arasında əməkhaqqı fərqləri qalmaqdadır:
“Kənd təsərrüfatı, təhsil, səhiyyə və sosial xidmət sahələrində əməkhaqları orta göstəricidən aşağıdır. Minimum əməkhaqqının artırılmasına ehtiyac var. Buna ildə azı bir dəfə yenidən baxılması orta aylıq əməkhaqqına nisbətin yüksəlməsinə xidmət edə bilər. Azərbaycanın da ratifikasiya etdiyi Avropa Sosial Xartiyasının tələblərinə əsasən, bu nisbət 60 faizdən aşağı olmamalıdır. İnkişaf etmiş ölkələrdə isə həmin göstərici adətən 60 faizdən yüksəkdir. Hazırda Azərbaycanda bu nisbət təxminən 34 faiz təşkil edir”.
Ekspert vurğulayıb ki, minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqin böyük olması gəlir bərabərsizliyini daha da dərinləşdirə bilər:
“Çünki orta maaşın artımı əsasən yüksək gəlirli sahələr hesabına baş verdikdə, aşağı gəlirli sosial qruplar bunu real rifah artımı kimi hiss etmirlər. Ölkədə minimum əməkhaqqından aşağı maaş alan şəxslər də var və yaşayış xərclərinin artması onların sosial vəziyyətinə ciddi mənfi təsir göstərir”.
Professor əlavə edib ki, problemin həlli yalnız minimum əməkhaqqının inzibati qaydada artırılması ilə mümkün deyil:
“Fərqin azaldılması üçün əmək bazarı siyasəti, vergi mexanizmləri və iqtisadi inkişaf strategiyası arasında kompleks və uzlaşdırılmış yanaşma tələb olunur”.









