ABŞ Prezidenti Donald Tramp Ukraynanın son vaxtlar Rusiya ərazisindəki hədəflərə qarşı həyata keçirdiyi zərbə kampaniyasından çox təsirlənib və ruhlanıb.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” G7 sammitində keçirilmiş qapalı danışıqlardan məlumatlı olan iki mənbəyə istinadən məlumat verib.
Yüksək vəzifəli Ukrayna rəsmiləri jurnalistlərə bildiriblər ki, Ukraynanın uğurlu zərbələri Trampı Rusiyanın enerji sektoruna qarşı sanksiyaları sərtləşdirməyə sövq edib. Onların sözlərinə görə, ABŞ prezidentinin Ukraynaya daha fəal dəstək göstərməyə meyilləndiyini göstərən əlamətlər var.
Ukraynalı rəsmilər jurnalistlərlə söhbət zamanı qeyd ediblər ki, Tramp, ehtimal ki, müharibənin dayandırılması üçün Rusiyaya təzyiq göstərməyə hazırdır. Bununla belə, onlar ABŞ prezidentinin verdiyi vədləri tam şəkildə yerinə yetirəcəyinə şübhə ilə yanaşırlar.
Ukraynalı rəsmilərdən biri bildirib ki, hər şey Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ilə ABŞ nümayəndələri arasında aparılacaq növbəti danışıqlardan asılı olacaq. Həmin danışıqlarda əməkdaşlığın detalları razılaşdırılacaq.









